ELM VƏ TƏHSİL
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Abşeron rayonunda vətəndaşları qəbul edib
Bakı, 9 dekabr, AZƏRTAC
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə dekabrın 9-da Abşeron rayonunda vətəndaşları qəbul edib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AZƏRTAC-a bildiriblər ki, qəbulda Abşeron, Sumqayıt, Xızı rayon sakinləri və bu rayonlarda məskunlaşmış Qubadlı, Zəngilan və Şuşa rayonlarından olan məcburi köçkünlər iştirak ediblər.
Görüşdə ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumi orta təhsil səviyyəsi üzrə yeni təhsil proqramlarına əsasən təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin yeni qaydaları, buraxılış imtahanları, V ixtisas qrupuna, bakalavr, magistratura səviyyələrinə qəbul, həmçinin TQDK-nın səlahiyyətlərinə aid olmayan məsələlərlə əlaqədar Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədrinə müraciət edilib. Komissiyanın səlahiyyətlərinə aid olan bəzi məsələlər yerindəcə həll edilib. Digər müraciətlərin araşdırılması və baxılması üçün qeydiyyatı aparılıb. Komissiyanın səlahiyyətlərinə aid olmayan müraciətlərin aidiyyəti qurumlara çatdırılacağı vətəndaşlara bildirilib.
Qeydiyyatdan keçənlərlə yanaşı, görüş zamanı birbaşa müraciət edən vətəndaşlar da M.Abbaszadə tərəfindən dinlənilib və onların müraciətlərinin həlli üçün müvafiq tədbirlər görülüb.