REGİONLAR
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Gəncədə vətəndaşları qəbul edib
Gəncə, 6 dekabr, Rauf Hacıyev, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə müvafiq olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir, onların müraciət və təklifləri dinlənilir, operativ həlli üçün konkret tədbirlər görülür.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə dekabrın 6-da Gəncədəki Heydər Əliyev Mərkəzində Gəncə şəhəri, Daşkəsən, Samux, Göygöl və Gədəbəy rayonlarından olan sakinləri və bu rayonlarda məskunlaşan qaçqın və məcburi köçkünləri qəbul edib.
Vətəndaşlar ali və orta ixtisas təhsili müəssisələrinə qəbul, 2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli, dövlət qulluğuna qəbul, vakant dövlət qulluğu vəzifələri, namizədlərlə müsahibələrin keçirilməsi və digər məsələlərlə əlaqədar müraciətlər ünvanlayıblar.
Qəbul zamanı DİM-in səlahiyyətlərinə aid olan bir çox məsələlər yerindəcə həll edilib. Digər müraciətlərin araşdırılması və baxılması üçün qeydiyyatı aparılıb.
Qeydiyyatdan keçənlərlə yanaşı, qəbul zamanı birbaşa müraciət edən vətəndaşlar da M.Abbaszadə tərəfindən dinlənilib və onların müraciətlərinin həlli üçün müvafiq tapşırıqlar verilib.
Vətəndaşlar yaradılan şəraitdən razılıqlarını ifadə edərək, bölgələrdə bu cür qəbulların keçirilməsinin təşəbbüskarı olan dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.