ELM VƏ TƏHSİL
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri buraxılış imtahanlarının gedişini izləyib
Bakı, 28 iyun, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi iyunun 27-də Gəncə, Lənkəran, Naftalan, Şəki, Sumqayıt şəhərlərində, Abşeron, Ağdam, Ağsu, Astara, Bərdə, Biləsuvar, Daşkəsən, Goranboy, Göygöl, İmişli, Kürdəmir, Oğuz, Qəbələ, Saatlı, Sabirabad, Şabran, Şamaxı, Samux, Tərtər, Xaçmaz, Yevlax və Zərdab rayonlarında yerləşən orta ümumtəhsil müəssisələrinin IX və XI siniflərində təhsil alan 70.081 şagird (IX sinif üzrə 39.554, XI sinif üzrə 30.527) üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirib. Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə imtahanların gedişini müşahidə etmək üçün rayonlara səfər edib.
DİM-dən AZƏRTAC-a bildiriblər ki, M.Abbaszadə gün ərzində bir neçə imtahan mərkəzində olub və hər iki növbə üzrə imtahan prosesini izləyib.
Qeyd edək ki, IX sinif şagirdləri üçün imtahan (ikinci mərhələ) saat 10.00-da başlanıb və bir saat otuz dəqiqə ərzində aparılıb. XI sinif şagirdləri üçün isə imtahan saat 15.00-da başlanıb və iki saat 45 dəqiqə müddətində aparılıb.
Hazırda imtahan protokollarının və cavab kartlarının emalı aparılır. Nəticələr yaxın günlərdə elan ediləcək.