ELM VƏ TƏHSİL
Dövlət İmtahan Mərkəzinin Şəki Regional Bölməsi üzrə nəzarətçi müəllimlər üçün seminar-məşğələlər başa çatıb
Bakı, 23 yanvar, AZƏRTAC
Dövlət İmtahan Mərkəzinin (DİM) Şəki Regional Bölməsi üzrə imtahanlara cəlb ediləcək nəzarətçi müəllimlərlə keçirilən seminar məşğələlər başa çatıb.
DİM-dən AZƏRTAC-a bildirilib ki, seminar məşğələlər yanvarın 10-dan 23-dək DİM-in Şəki Regional Bölməsinin əməkdaşları tərəfindən keçirilib.
Seminar məşğələlərdə ümumilikdə 224 nəfər olmaqla Şəki rayonu üzrə 57, Balakən rayonu üzrə 33, Zaqatala rayonu üzrə 39, Qax rayonu üzrə 17, Oğuz rayonu üzrə 18, Qəbələ rayonu üzrə 60 nəfərin iştirakı nəzərdə tutulub. Region üzrə 12 nəfər nəzarətçi müəllim seminarlarda iştirak etmədiyi üçün nəzarətçi bazasından xaric edilib.
Seminar‑məşğələlərdə ali təhsil müəssisələrinə qəbul imtahanlarının yeni modelindən irəli gələrək istifadə olunacaq cavab vərəqlərinin doldurulma qaydası, eləcə də xarici dil fənni üzrə imtahanda dinləyib-anlama bacarıqlarının yoxlanılması üçün istifadə olunacaq dinləmə qurğusundan istifadə qaydaları nəzarətçilərin nəzərinə çatdırılıb. Nəzarətçilərin imtahan prosesi ilə əyani surətdə tanış olması məqsədilə imtahan texnologiyasına aid film nümayiş etdirilib.