REGİONLAR


Dövlət İmtahan Mərkəzinin elektron xidmətlərinə 7 milyondan çox müraciət olunub VİDEO

Gəncə, 3 noyabr, Rauf Hacıyev, AZƏRTAC

Noyabrın 3-də Gəncə şəhərində “Dövlət İmtahan Mərkəzinin fəaliyyəti: İmtahanlarda dövlət və ictimai nəzarətin vəhdəti” mövzusunda Bakı şəhəri və digər regionları da əhatə edəcək ilk konfrans keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfransın keçirilməsində məqsəd Dövlət İmtahan Mərkəzinin (DİM) fəaliyyəti ilə tanışlıq, 2019-cu ildə keçiriləcək qəbul və buraxılış imtahanlarının modelləri, Mərkəzin həyata keçirdiyi tələbə qəbulu, dövlət qulluğuna qəbul və digər kampaniyaların idarə olunmasında dövlət, ictimaiyyət nümayəndələrinin iştirakı haqqında məlumat verməkdir.

Konfransda Gəncə və ətraf rayon-şəhərlərdə yerləşən ali təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, təhsil şöbələrinin müdirləri, şəhər icra hakimiyyəti və AMEA-nın Gəncə Bölməsinin nümayəndələri, imtahan rəhbərləri, nəzarətçi müəllimlər və KİV təmsilçiləri iştirak ediblər.

Tədbiri açan Gəncə Şəhər Hakimiyyəti başçısının müavini Sevda Qurbanəliyeva tədbir iştirakçılarını salamlayıb, DİM tərəfindən təşkil olunan konfransın respublikamız üzrə ilk dəfə Gəncə şəhərində keçirilməsini yüksək dəyərləndirib.

Konfransda Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Dövlət İmtahan Mərkəzinin fəaliyyəti: İmtahanlarda dövlət və ictimai nəzarətin vəhdəti” mövzusunda məruzə ilə çıxış edib.

Məleykə Abbaszadə qeyd edib ki, Dövlət İmtahan Mərkəzi fəaliyyəti ərzində həyata keçirdiyi bütün tədbirlərdə ictimaiyyətin hərtərəfli məlumatlandırılmasına, ictimaiyyət nümayəndələrinin qəbul prosesinin idarə olunmasında iştirakına, bu sahəyə vətəndaş nəzarətinin təşkilinə böyük önəm verib.

“DİM-in keçirdiyi imtahanların məqsədləri və iştirakçıları bir-birindən fərqlənsə də, onların hamısını birləşdirən ümumi cəhətlər var. İmtahanların hamısının məzmun və standartları müvafiq sahələr üzrə ekspertlərin iştirakı ilə elmi metodlar əsasında müəyyən olunur, imtahanlar keçirilərkən yüksək təhlükəsizlik tədbirləri həyata keçirilir, cavablar avtomatlaşdırılmış sistemlər vasitəsilə və ya müəyyən olunmuş meyarlar əsasında markerlər tərəfindən qiymətləndirilir. 2018-ci ildə DİM-in həyata keçirdiyi imtahanlarda, ümumilikdə, 641 min 517 nəfər iştirak edib. İmtahan prosesində nizam-intizam və təhlükəsizliyi təmin etmək məqsədilə 48 min 309 nəfər imtahan rəhbəri, zal nəzarətçisi və buraxılış rejimi əməkdaşı qismində cəlb olunub. Vətəndaşlar hesabat ili ərzində 7 milyon dəfədən çox DİM-in elektron xidmətlərindən istifadə ediblər” – deyə sədr vurğulayıb.

Sonra konfransda Dövlət İmtahan Mərkəzinin əməkdaşları tərəfindən təqdimatlar edilib.

Çıxışlarda Mərkəz tərəfindən 2018-ci ildə keçirilən imtahanlara dair ümumi statistik məlumatlar, Mərkəzin təqdim etdiyi bütün elektron xidmətlər, buraxılış imtahanlarında yazı işlərinin yoxlanılması texnologiyasının üstünlükləri, imtahanlarda istifadə olunan materialların hazırlanma prosesi, imtahana hazırlaşanlar üçün nəşr olunan elmi-metodik vəsaitlər, dərsliklərin monitorinqi, dövlət qulluqçularının reyestri xidməti, dövlət qulluğuna qəbul üzrə keçirilən müsabiqə və müsahibələr barədə məlumat verilib.

Tədbirin sonunda Mərkəz tərəfindən keçirilən imtahanlarda fərqlənmiş nəzarətçi müəllimlər mükafatlandırılıb və onlara fəxri fərmanlar təqdim olunub.

Qeyd edək ki, noyabrın 5-də Şəkidə, noyabrın 8-də Lənkəranda, noyabrın 13-də Naxçıvanda, noyabrın 17-də isə Bakı şəhərində eyni mövzuda konfranslar keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.