ELM VƏ TƏHSİL
Dövlət İmtahan Mərkəzinin nümayəndəsi Finlandiya Dövlət İdarəçiliyi İnstitutunda təqdimatla çıxış edib
Bakı, 23 yanvar, AZƏRTAC
Finlandiya Dövlət İdarəçiliyi İnstitutunda (HAUS MMC) “PADOS II” layihəsi ilə bağlı yekun görüş keçirilib.
Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildiriblər ki, görüşdə DİM-in strateji inkişaf şöbəsinin müdiri Vəli Hüseyn iştirak edib. O, qeyd olunan layihənin Azərbaycandakı işinə dair “Azərbaycanda dövlət qulluğunda islahatlar – 2018” mövzusunda təqdimatla çıxış edib
Vəli Hüseyn təqdimat çərçivəsində DİM-in fəaliyyəti, Azərbaycan Respublikasının Avropa İttifaqı ilə münasibətləri haqqında iştirakçılara məlumat verib, eləcə də “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019–2025-ci illər üçün Strategiya” layihəsi barədə məlumatları təqdim edib. DİM-in nümayəndəsi, həmçinin sentyabrın 22-27-də Bakıda DİM-in təşkilatçılığı ilə keçiriləcək Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın 45-ci illik konfransı barədə də danışıb.
Qeyd edək ki, Finlandiya Dövlət İdarəçiliyi İnstitutu dövlət qulluğu üzrə milli təlim institutudur. Onun həyata keçirdiyi və Finlandiya Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən “PADOS II” layihəsi Şərq Tərəfdaşlığı (ŞT) ölkələrinin dövlət idarəçiliyində müasir liderlik və potensial quruculuq mövzusunu əhatə edir. “PADOS II” həm ŞT dövlətləri üçün ümumi, həm də hər bir ölkənin dövlət qulluqçularının səriştələrinin artırılması sahəsində Finlandiya ilə ikitərəfli əməkdaşlığı nəzərdə tutan müxtəlif tədbirlərdən ibarət layihədir.