ELM VƏ TƏHSİL
Dövlət İqtisad Universitetində “Qış məktəbi”ndə təlimlərə başlanılıb
Bakı, 6 fevral, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) müəllim heyəti üçün növbəti “Qış məktəbi”ndə təlimlərə başlanılıb.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, hər il təşkil edilən ”Qış məktəbi” bu dəfə “Tədris materiallarının keyfiyyətinin yüksəldilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması” mövzusuna həsr olunub. Universitetin Quba Tədris, İdman və İstirahət Kompleksində təşkil olunan “Qış məktəbi”ndə dünyanın nüfuzlu universitetlərinin alimləri – ABŞ-ın Leigh Universitetinin professoru Jill Sperandio, Fransanın Lyon Universitetinin müəllimi Jennifer Veillon və Türkiyənin İstanbul Universitetinin professoru Sedat Murat təlimlər keçirlər.
“Qış məktəbi”ndə UNEC-in yüzdən çox müəlliminə dərs vəsaitləri və mühazirə standartlarının hazırlanması, sillabusların təkmilləşdirilməsi, tədris və iş etikası, dərs prosesində simulyasiya (case study) və nümunəvi təhlil metodlarından istifadə qaydaları barədə ətraflı məlumat veriləcək, bu istiqamətdə Avropa təcrübəsi paylaşılacaq. Alimlərin keyfiyyətli tədqiqat apara bilmələri üçün onlara keyfiyyət, kəmiyyət və kompleks metodlar arasındakı fərqlər göstəriləcək, tədqiqat zamanı hədəf auditoriyaların nəzərə alınması, nüfuzlu beynəlxalq elmi mətbuatda məqalələrin dərc edilməsi prosesi, online məlumat bazaları və vizual təqdimat imkanlarından istifadə qaydaları açıqlanacaq.
Beş gün davam edəcək “Qış məktəbi”ni uğurla başa vuran müəllimlərə sertifikatlar təqdim olunacaq.