MƏDƏNİYYƏT
Dövlət Kino-Foto Sənədləri Arxivinə daimi saxlamaq məqsədilə yeni sənədlər təhvil verilib
Bakı, 16 mart, AZƏRTAC
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən daimi saxlanılmaq məqsədi ilə bir sıra foto və kino sənədlər Dövlət Kino-Foto Sənədləri Arxivinə təhvil verilib. Bu barədə AZƏRTAC-a Milli Arxiv İdarəsinin informasiya təminatı və elektron xidmətlər mərkəzinin rəhbəri Natiq Eminov məlumat verib.
Onun sözlərinə görə, Dövlət Kino-Foto Sənədləri Arxivinə daim saxlanmaq məqsədi ilə 1996-2018-ci illər ərzində “Azərbaycan Hava Yolları” QSC-nin fəaliyyətini əks etdirən 17 kinosənəd və 386 saxlama vahidi fotosənəd daxil olub.
Tarix üçün əhəmiyyəti olan bu fotosənədlərin məzmununu müstəqillik illərində “Azərbaycan Hava Yolları” QSC-nin mərhələli şəkildə inkişafını əks etdirən foto və kino sənədlər təşkil edir. Belə ki, 1996-2005-ci illərdə Bakı Beynəlxalq hava limanının istifadəyə verilməsi, “Boeing 747-800F” və “Boeing 757-200” təyyarələrinin alınıb Bakıya gətirilməsi, Zabrat Helikopter Sərnişin Terminalının, Naxçıvan Hava Limanının və Bakı Yük Terminalının açılışlarının əks olunması bu foto və kino sənədlərdə öz əksini tapıb.
Foto və kino sənədlərin bir qismində 2006-2007-ci illərdə Prezident İlham Əliyevin Gəncə, Lənkəran, Zaqatala, Qəbələ hava limanlarının açılışında iştirakı, “Boeing” şirkətinin nümayəndə heyətini qəbul etməsi, Bakı-Batumi hava xəttinin açılışı təsvir olunur.
2011-2018-ci illər ərzində də “Azərbaycan Hava Yolları”nda görülən işləri əhatə edən foto və kino sənədlər arasında Azərbaycan Respublikası Hökuməti ilə Beynəlxalq Aviasiya qurumları arasında sazişlərin imzalanma mərasimlərini, Bakıda Beynəlxalq hava limanının yeni modern terminalının açılış mərasimində Prezident İlham Əliyevin iştirakını əks etdirən kino və foto sənədlər də önəmli yer tutur.
Hazırda Azərbaycan Respublikası Dövlət Kino-Foto Sənədləri Arxivinə daxil olmuş kino-foto sənədlərin Milli Arxiv Fonduna qəbulu rəsmiləşdirilir, sənədlərin qısa məlumat bazası hazırlanır.