CƏMİYYƏT


Dövlət Komitəsi : Beynəlxalq qurumları qadın və uşaqların pozulmuş hüquqlarının bərpası üçün zəruri addımlar atmağa çağırırıq

Bakı, 28 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ermənistan silahlı qüvvələrinin həyata keçirdiyi hərbi təxribatlar zamanı qadın və uşaqların hüquqlarını pozması və qətlə yetirməsinə dair bəyanat yayıb.

Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, bəyanatda deyilir: “Məlum olduğu kimi, sentyabrın 27-si saat 06:00-dan başlayaraq Ermənistan Azərbaycana qarşı növbəti təxribat törədib.

Əvvəllər də atəşkəs rejimini dəfələrlə pozan Ermənistan silahlı birləşmələri bu dəfə bütün təmas xətti boyu hücuma keçərək Azərbaycan mövqelərini, yaşayış məntəqələrini müxtəlif növ silah və artilleriya qurğularından intensiv şəkildə atəşə tutmaqda, mülki və hərbi obyektlərə ciddi ziyan vurmaqda davam edir.

Bu hərbi təcavüz nəticəsində məqsədyönlü şəkildə hədəfə alınan mülki əhali arasında xüsusilə qadın və uşaqların yaralanması və qətlə yetirilməsi erməni vandalizmini bir daha dünya ictimaiyyətinə nümayiş etdirməkdədir.

Dünən Ermənistan silahlı qüvvələrinin dinc əhalini atəşə tutması nəticəsində Naftalan rayonunun Qaşaltı kəndinin sakini, 1951-ci il təvəllüdlü Qurbanov Elbrus və onun dörd ailə üzvü, 1956-cı il təvəllüdlü Qurbanova Şəfayət, 2006-cı il təvəllüdlü Qurbanova Fidan, 2007-ci il təvəllüdlü Qurbanov Şəhriyar və 1981-ci il təvəllüdlü Əmirova Afaq həlak olub, ümumilikdə 27 nəfər mülki şəxs yaralanıb.

Bu hadisələr Ermənistanın iyulun 12-də dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi zorakı və təcavüzkar əməllərinin davamı kimi qiymətləndirilir.

Ermənistan tərəfinin beynəlxalq sənədlərdən irəli gələn öhdəlikləri yerinə yetirməyərək “Müharibə zamanı mülki əhalinin müdafiəsi” haqqında Cenevrə Konvensiyasının, BMT-nin Uşaq Hüquqları Konvensiyasının, ümumilikdə insan hüquqları sahəsində digər mühüm sənədlərin müvafiq müddəalarına əməl etməməsi növbəti dəfə beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobudcasına pozduğunu və müharibə cinayətlərini davam etdirdiyini sübuta yetirir.

Azərbaycan Silahlı Qüvvələri Ermənistanın təcavüz aktına cavab olaraq əks-hücum əməliyyatlarını həyata keçirərək, mülki əhaliyə, qadınlara və uşaqlara qarşı müharibə aparmadığını bəyan edir.

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olaraq dünya ictimaiyyətini, eləcə də aidiyyəti beynəlxalq təşkilatları, BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrini yerinə yetirməyən, BMT Baş Assambleyasının 2006 və 2008-ci illərdə qəbul olunmuş “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnamələrinə, BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyasına, BMT Təhlükəsizlik Şurasının “Silahlı münaqişələr zamanı uşaqların qorunması tədbirləri haqqında” qətnaməsinə məhəl qoymayan Ermənistanın Azərbaycan ərazisində törətdiyi cinayətlərə seyrçi qalmamağa, eyni zamanda, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində mülki əhalinin, xüsusən də qadın və uşaqların pozulmuş hüquq və azadlıqlarının bərpası istiqamətində üzərilərinə düşən zəruri addımları atmağa və müvafiq tədbirlər görməyə çağırırıq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.