Dövlət Komitəsi tərəfindən növbəti “açıq qapı” günü keçirilib
AzerTAg.az
Bakı, 30 iyul, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq və Ailələrə Dəstək mərkəzləri (UADM), o cümlədən İcma Resurs və Qadın Resurs mərkəzlərində psixoloq, sosial işçi və hüquqşünasların iştirakı ilə növbəti “açıq qapı” günü keçirilib.
Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, “açıq qapı” günü Ağdam, Goranboy, İsmayıllı, Göygöl, Zaqatala, Hacıqabul, Saatlı, Zərdab rayonlarında müxtəlif problemlərlə bağlı vətəndaşların müraciətləri dinlənilib. Səyyar şəkildə keçirilən görüşlərdə (aktiv terapiya, psixoloji konsultasiya, ünsiyyət terapiyası – loqopedik, inkişafetdirici məşğələ) ailədaxili münasibətlərin tənzimlənməsi, uşaqla ünsiyyət, məişət zorakılığı, aliment, müalicə - tibbi yardım, hüquqi yardım, övladlığagötürmə, sosial xidmət, əlilliyə görə müavinətin bərpası, sosial müavinətlər, məşğulluq, əmlak məsələləri ilə bağlı müraciətlər dinlənilib.
Qeyd edək ki, növbəti aylarda da “açıq qapı” günlərinin keçirilməsi nəzərdə tutulub. Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəsmi internet saytında və sosial şəbəkə hesablarında məlumat veriləcək.


Xəbərin mətnində orfoqrafik səhv var