CƏMİYYƏT


Dövlət Komitəsində BMqT nümayəndəsi ilə görüş keçirilib

Bakı, 22 yanvar, AZƏRTAC

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev yanvarın 22-də Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan Nümayəndəliyinin rəhbəri Vladimir Georgiyevlə görüşüb.

Bu barədə AZƏRTAC-a Komitədən məlumat verilib.

Dövlət Komitəsinin sədri bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun gerçəkləşdirdiyi “Dəmir yumruq” əks-həmlə əməliyyatı nəticəsində Ermənistanın hərbi qüvvələri işğal edilmiş ərazilərdən qovulub. Ölkəmizin ərazi bütövlüyü bərpa olunub, keçmiş məcburi köçkünlərin beynəlxalq hüquqda təsbit olunmuş hüquqlarından istifadə edərək doğma torpaqlarına qayıtması üçün şərait yaranıb.

Qeyd edilib ki, 30 ilə yaxın müddətdə işğal altında saxlanılan ərazilərdə ermənilər tərəfindən misilsiz vandalizm aktları törədilib. Xalqımızın maddi-mədəni irsi olan tarixi-dini abidələr, məscidlər məhv edilib, yaşayış məntəqələri dağıdılıb. Bununla tarixi saxtalaşdırmağa çalışan ermənilər həmin ərazilərin azərbaycanlıların qədim yurd yeri olduğu ilə bağlı izləri silmək məqsədi güdüblər.

Prezident İlham Əliyevin tapşırığı ilə təhlükəsizlik tədbirləri görülür, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi ilə əlaqədar işlər aparılır. Bərpa-quruculuq işləri başlayıb, kommunikasiya, rabitə, yol infrastrukturu yenidən qurulur. Eyni zamanda, abidələr, tarixi əhəmiyyət daşıyan tikililər bizim çoxəsrlik memarlıq nümunələri əsasında yenidən bərpa ediləcək. İşğaldan azad edilmiş ərazilərimizin dirçəldilməsi keçmiş məcburi köçkünlərin ləyaqətlə və təhlükəsiz şəkildə ata-baba torpaqlarına qayıdıb, yeni həyata başlamasına şərait yaradacaq.

Diqqətə çatdırılıb ki, münaqişənin ilk illərində məcburi köçkünlərlə bağlı humanitar layihələr həyata keçirən beynəlxalq təşkilatların dəstəyinə yenə də ehtiyac var.

BMqT-nin Azərbaycan Nümayəndəliyinin rəhbəri Vladimir Georgiyev bildirib ki, Azərbaycanda akkreditasiya olunmuş xarici ölkələrin səfirləri, beynəlxalq təşkilatların rəhbərləri ilə birgə işğaldan azad edilən Füzuli rayonuna səfər edib. O, müxtəlif ölkələrdə dağıdılmış yerlərə səfər etdiyini, lakin Füzuli rayonundakı kimi dağıntı ilə heç bir yerdə rastlaşmadığını bildirib. Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin inteqrə edilmiş inkişafı” layihəsi çərçivəsində kəhrizlərin bərpa edilməsi üçün bu il yeni üsulun tətbiq ediləcəyi diqqətə çatdırılıb və layihənin icrasının işğaldan azad edilmiş ərazilərdə də davam etdirilməsi təklif edilib. V. Georgiyev qeyd edib ki, əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsi, Böyük Qayıdışla bağlı müxtəlif layihələrin icra edilməsi üçün səylərini əsirgəməyəcək.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.