CƏMİYYƏT
Dövlət Komitəsində Küveytdəki türkdilli xalqların diasporları ilə əlaqələrin genişləndirilməsi müzakirə edilib
Bakı, 22 iyun, Rauf Hacıyev, AZƏRTAC
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov “Vətənsevər” Azərbaycan-Küveyt Mədəniyyət və Dostluq Cəmiyyətinin sədri Könül Hacızadə ilə görüşüb.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı F.Muradov son illər ərzində Azərbaycanın diaspor quruculuğu sahəsində əldə olunmuş nailiyyətlərindən, ölkə həqiqətlərinin təbliği və respublikamızın xaricdə tanıdılması istiqamətində görülmüş işlərdən danışıb, qarşıda duran başlıca vəzifə və məqsədlər haqqında fikirlərini bölüşüb.
Eyni zamanda, Küveytlə Azərbaycan arasında əlaqələrin inkişafında diasporun rolunun artırılması, həmvətənlərimizin təşkilatlanması, Küveytdəki türkdilli xalqların diasporları ilə əlaqələrin genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
“Vətənsevər” Azərbaycan-Küveyt Mədəniyyət və Dostluq Cəmiyyətinin sədri Könül Hacızadə ötən dövrdə Küveytdəki Azərbaycan diasporu tərəfindən həyata keçirilmiş tədbirlərlə bağlı ətraflı məlumat verib. Qeyd edilib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun Vətən müharibəsindəki tarixi Qələbəsi Küveytdə yaşayan azərbaycanlılar tərəfindən yüksək coşqu və sevinclə qarşılanıb.
Görüş zamanı Küveytdə Azərbaycan diasporu tərəfindən həyata keçirilməsi nəzərdə tutulan layihələr barədə də fikir mübadiləsi aparılıb.
Sonda Komitə sədri Fuad Muradov Azərbaycanın Küveytdə təbliğinə, milli maraqlarımızın müdafiəsinə və diaspor fəaliyyətindəki xidmətlərinə görə Könül Hacızadəyə “Təşəkkürnamə” təqdim edib.