SİYASƏT


Dövlət Komitəsində Laçın rayonunun işğalının 27-ci ildönümü ilə bağlı tədbir keçirilib

Bakı, 18 may, AZƏRTAC

Mayın 18-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Laçın rayonunun Ermənistan silahlı birləşmələri tərəfindən işğalının 27-cı ildönümünə həsr olunan anım tədbiri keçirilib.

Komitədən AZƏRTAC-a bildiriblər ki, Laçının Azərbaycanın füsunkar guşələrindən biri olduğunu və strateji mövqedə yerləşdiyini diqqətə çatdıran Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev rayonun Ermənistan silahlı dəstələri tərəfindən işğalına şərait yaradan amillərdən danışıb, ermənilərin xalqımızın başına gətirdiyi faciələri yada salıb. Bildirib ki, həmin dövrdə ölkə hakimiyyətinin səriştəsiz fəaliyyəti və xəyanətkarlığı ağır nəticələrə səbəb olub. 1992-ci il mayın 18-də Laçın rayonunu işğal etməklə Ermənistan Dağlıq Qarabağla birbaşa əlaqə yaradıb və onun ətrafındakı əraziləri ələ keçirmək imkanı qazanıb. Dünya birliyi işğalçıya hələ də kifayət qədər təsir göstərmir, BMT-nin qətnamələri yerinə yetirilmir. Bununla belə, Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Azərbaycan heç vaxt işğalla barışa bilməz və ərazi bütövlüyünün bərpasına nail olmaq üçün bütün imkanlardan istifadə edəcəkdir. Laçınlıların da doğma yurda qayıdacaqlarını ümidlə gözlədikləri, dövlətimizin başçısının bu məqsədlə apardığı siyasəti dəstəklədikləri bildirilib.

Rayonun məcburi köçkün əhalisinin həyat səviyyəsinin, sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün zəruri tədbirlərin həyata keçirildiyi vurğulanıb. Prezident İlham Əliyevin tapşırığı ilə onların daha çox məskunlaşdıqları Ağcabədi rayonu ərazisində növbəti yaşayış məhəlləsinin salınmasına hazırlıq görüldüyü diqqətə çatdırılıb.

Birinci vitse-prezident xanım Mehriban Əliyevanın məcburi köçkünlərin, o cümlədən laçınlıların problemlərinin həllinə həssaslıqla yanaşdığı, bu sahədə həyata keçirilən layihələrin icrasını nəzarətdə saxladığı qeyd edilib.

Milli Məclisdə Laçın rayonunu təmsil edən deputat, Məcburi Köçkünlərin Sosial İnkişafı Fondunun direktoru Mahir Abbaszadə, laçınlı ağsaqqallar Tapdıq Abbasov, Əmirxan Zeynalov, Qəzənfər Hüseynov, Möhübbət Həsənov, Varaşil Məmmədov, Laçında ərazi özünümüdafiə batalyonunun qərargah rəisi olmuş Rafiq Nağıyev, Qarabağ döyüşlərinin iştirakçıları Babək Aslanov, Muxtar Həşimov, Çingiz Abbasov, Habil Muradov, İsgəndər Qasımov, Laçın rayon 40 nömrəli tam orta məktəbin direktoru Aygün Cabbarova, Aprel döyüşlərinin iştirakçısı Vüqar Abdüləzimov və başqaları tədbirdə çıxış edərək, rayonun tarixi keçmişindən, əhalinin təcavüzkarlara göstərdiyi müqavimətdən, torpaqların müdafiəsi uğrunda şəhid olan həmyerlilərinin qəhrəmanlıqlarından danışıb, məcburi köçkünlərə dövlət qayğısının əhəmiyyətindən söz açıb, işğala tezliklə son qoyulacağına inamlarını ifadə ediblər.

Tədbirin sonunda Laçın haqqında “Əsirlikdə qala qalmaz” filmi nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.