CƏMİYYƏT
Dövlət Komitəsində Türkiyə və Azərbaycan diasporlarının birgə fəaliyyəti müzakirə olunub
Bakı, 19 oktyabr, AZƏRTAC
Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının sədri Seyfettin Ayakyayın rəhbərlik etdiyi QHT, diaspor təmsilçiləri və jurnalistlərdən ibarət nümayəndə heyəti ilə Diasporla İş üzrə Dövlət Komitəsində görüş keçirilib.
Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə Türkiyədəki Azərbaycan diaspor təşkilatlarının işi, iki ölkə diasporunun birgə fəaliyyətinin perspektivləri və digər məsələlər müzakirə olunub.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov 100 il əvvəl Türkiyənin Azərbaycanın azadlıq mübarizəsinə göstərdiyi dəstəyin bu gün də davam etdiyini vurğulayıb. Bildirib ki, iki ölkənin qardaşlıq münasibətləri diaspor təşkilatlarının fəaliyyətində də özünü göstərməkdədir. Müxtəlif ölkələrdəki Azərbaycan və türk diaspor təşkilatlarının ortaq problemimiz olan erməni yalanları ilə mübarizədə birgə fəaliyyətinin, həmrəyliyinin daha da gücləndirilməsi qeyd olunub. Bu gün dünyada gedən informasiya müharibəsində yalnız birgə fəaliyyətlə qalib gəlməyin mümkünlüyü vurğulanıb. Bu istiqamətdə yaşlıların təcrübəsindən istifadə etməklə gənclərin hazırlanmasının və jurnalistlərlə sıx əməkdaşlığın əhəmiyyəti diqqətə çatdırılıb.
Eyni zamanda, bu gün Türkiyədə fəaliyyət göstərən 60-a yaxın Azərbaycan diaspor təşkilatının birgə fəaliyyətinin vacibliyinə də toxunulub, bu istiqamətdə atılacaq addımlarla bağlı fikir mübadiləsi aparılıb.
Nümayəndə heyətində təmsil olunan diaspor təşkilatlarının rəhbərləri, jurnalistlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həm də Türkiyənin problemi olduğunu vurğulayıblar. Azərbaycan həqiqətlərinin Türkiyə və dünya ictimaiyyətinə çatdırılması ilə bağlı görülən işlər haqqında məlumat verilib, bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.
Qeyd edək ki, nümayəndə heyətinin Azərbaycana səfəri Türkiyədə və Azərbaycanda fəaliyyət göstərən QHT, diaspor təmsilçilərinin “Bir damla su” layihəsi çərçivəsində reallaşdırılır. Layihədə Azərbaycan tərəfdən Müharibə Veteranı Qadınlarına Sosial Yardım, Abidələrin Müdafiəsi Təşkilatı, Miqrasiya Proseslərinin Tədqiqi, Beynəlxalq İnformasiya və Regional Araşdırmalar ictimai birlikləri təmsil olunur.