CƏMİYYƏT
Dövlət Komitəsində keçirilən tədbirdə qadın və uşaq hüquqlarının müdafiəsi məsələləri müzakirə olunub
Bakı, 11 aprel, AZƏRTAC
Cəmiyyətdə qadın və uşaq hüquqlarının müdafiəsi, uşaqlara qarşı zorakılıq hallarının, uşaq əməyinin qarşısının alınması dövlət siyasətinin prioritetlərindəndir. Prezident İlham Əliyev tərəfindən qəbul edilən qərarlar nəticəsində ailə institutunun gücləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətində əhəmiyyətli uğurlar əldə edilib. Qeyri-hökumət təşkilatları ilə əməkdaşlığın artırılması da bu işə öz töhfəsini verir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) aprelin 11-də keçirdiyi tədbirdə səsləndirilib.
Tədbirdə çıxış edən AQUPDK-nın sədri Hicran Hüseynova bildirib ki, bu gün ölkəmizdə üç mindən çox QHT fəaliyyət göstərir. Onlardan 220-dən çoxu qadın, 350-yə qədəri isə uşaq təşkilatıdır. Komitə olaraq, biz aktiv fəaliyyət göstərən müvafiq QHT-lərin 80 faizi ilə yaxından əməkdaşlıq edirik. Eyni zamanda, ictimai iştirakçılığın artması və vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlığın qurulması üçün komitənin nəzdində İctimai Şura yaradılıb. Ümumiyyətlə, bu institutlar ölkədə tərəqqi proseslərinin, novatorluğun, modernləşmə təşəbbüslərinin lokomotivi kimi qəbul edilir. Onlar cəmiyyəti irəli aparmaq, dövlətin həyata keçirdiyi siyasətə ən müxtəlif formada dəstək vermək potensialına malikdirlər. Şübhəsiz ki, vətəndaş cəmiyyəti institutlarının bu səviyyəyə gəlib çıxmasında Prezident İlham Əliyevin həyata keçirdiyi tədbirlərin müstəsna əhəmiyyəti var. Azərbaycan dünyanın inkişaf etmiş ölkələri sırasına daxil olmaqla yanaşı, həm də vətəndaş cəmiyyətinin qurulması istiqamətində bir sıra nailiyyətlər qazanıb. Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı, QHT-lərin yaranması, fəaliyyəti dövlət tərəfindən də dəstəklənir. Bunun əyani sübutu olaraq ölkədə QHT-lərə Dövlət Dəstəyi Şurasının yaradılmasını misal çəkmək olar. Dövlətin vətəndaş cəmiyyətinin inkişafına dəstəyi, qayğısı təkcə bununla bitmir. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında da vətəndaş cəmiyyətinin inkişafı istiqamətdə gələcəkdə görüləcək işlər öz əksini tapıb.
Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının Katibliyinin icraçı direktoru Fərasət Qurbanov qadınlara və uşaqlara qarşı zorakılıq halları ilə bağlı obyektiv və operativ araşdırmaların aparılmasının vacibliyini qeyd edib. O deyib ki, bəzi kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə bu kimi hallarla bağlı informasiyalar reklam və reytinq xatirinə yayımlanır. Azərbaycanı istəməyən, uğurlarımızı həzm edə bilməyən bəzi qüvvələr bu amildən ölkəmizə qarşı istifadə edirlər. Bu cür hallara xüsusi həssaslıqla yanaşılmalıdır. Bu baxımdan dövlət qurumları ilə vətəndaş cəmiyyəti institutları, eyni zamanda, media orqanları arasında səmərəli dialoqun qurulması çox vacibdir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Gülsel Səfərova bildirib ki, Azərbaycanda 3500-ə yaxın qeyri-hökumət təşkilatı var. Bu, özlüyündə Azərbaycan dövlətinin uğurudur. O, eyni zamanda, qeyd edib ki, sosial şəbəkələr müasir dövrün vacib amillərindəndir. Sosial şəbəkələr Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm vasitədir. Lakin sosial şəbəkələrdə bəzi xoşagəlməz hallarla bağlı xəbərlər də yerləşdirilir. Bundan isə Azərbaycan dövlətini istəməyən qüvvələr istifadə edirlər.
Vurğulanıb ki, bu gün Azərbaycan dövləti vətəndaş cəmiyyəti sahəsində xeyli uğurlara imza atıb. Lakin əldə edilən nailiyyətlərlə kifayətlənmək olmaz. Azərbaycan dövlətinin uğurlarını gözü götürməyən qüvvələrə qarşı QHT-lər birgə çıxış etməlidirlər. Azərbaycan dövləti bütün sahələrdə uğurlara imza atır. Hər birimiz bu uğurların dünyaya çatdırılmasına çalışmalıyıq.
Tədbir müzakirələrlə davam edib.