CƏMİYYƏT
Dövlət Komitəsində kollegiya iclası keçirilib
Bakı, 7 noyabr, AZƏRTAC
Diasporla İş üzrə Dövlət Komitəsində kollegiya iclası keçirilib.
Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Komitə sədri Fuad Muradov iclası açaraq rəhbərlik etdiyi qurumun fəaliyyətinə nəzər salıb, diasporla işin düzgün qurulmasının istiqamətləri və qarşıda duran yeni hədəflər barədə danışıb.
Prezident İlham Əliyevin Azərbaycan diasporuna qayğısının, Dövlət Komitəsinə münasibətinin müsbət nəticələr verdiyini bildirən F.Muradov deyib: “Diasporumuzun səmərəli fəaliyyəti ölkəmizin müstəqilliyinin qorunması ilə birbaşa bağlıdır. Biz bu işdə məsuliyyətimizin nə qədər böyük olduğunu bilir və strateji hədəflərimizə çatmaq üçün var gücümüzlə çalışırıq”.
Diqqətə çatdırılıb ki, qısa müddətdə 27 ölkəni əhatə edən 11 Koordinasiya Şurası yaradılıb, xaricdə yaşayan azərbaycanlıların şəbəkələşməsi və vahid platformalarda birləşməsi üçün mühüm addımlar atılıb. Diaspor təşkilatları və ayrı-ayrı şəxslər Azərbaycan torpaqlarının işğalı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, heç bir əsası olmayan erməni iddialarının ifşası ilə əlaqədar böyük işlər görürlər. Qeyd olunub ki, Azərbaycan diasporu ilə real və virtual əlaqələrin daha da möhkəmlənməsinin nəticəsidir ki, bu gün dünyanın müxtəlif ölkələrində yaşayan on minlərlə soydaşımız özünü bu xalqın, bu Vətənin bir parçası kimi hiss edir.
İclasda İnsan resursları, hüquq və sənədlər iş və Təbliğat, informasiya və analitik təhlil şöbələrinin fəaliyyəti ilə bağlı məruzələr dinlənilib.
Həmçinin Komitənin həyata keçirdiyi irihəcmli layihələr, informasiya və təbliğat sahəsində görülən işlər, qarşıya qoyulmuş hədəflərə çatmaq üçün müəyyən olunan Strateji Yol Xəritəsinin həyata keçirilməsində kollektivin məsuliyyəti, hər bir şəxsin peşəkar vərdişlərinin daha da təkmilləşdirilməsi və s. məsələlər müzakirə olunub, statistik göstəricilər təhlil edilib, geniş fikir mübadiləsi aparılıb.