CƏMİYYƏT
Dövlət Komitəsində məcburi köçkünlərin müraciətləri dinlənilib
Bakı, 5 iyun, AZƏRTAC
İyunun 5-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev növbəti görüş keçirib.
Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Bakı şəhərində və ətraf qəsəbələrdə məskunlaşmış məcburi köçkünlər iştirak ediblər. Məcburi köçkünlərin müraciətləri ayrı-ayrılıqda dinlənilib.
Qəbula gələnlər komitə sədrinə əsasən mənzil, işə qəbul, kommunal xidmətlər və digər sosial problemlərin həlli ilə bağlı müraciət ediblər. Bütün müraciətlər komitə tərəfindən qeydə alınıb. Dövlət Komitəsinin sədri müraciətlərin qısa müddətdə araşdırılması və müvafiq tədbirlər görülməsi üçün tapşırıqlar verib.
Görüşdə Dövlət Komitəsinin sədr müavinləri, şöbə və departament müdirləri, Bakı şəhəri üzrə sektor müdirləri və ərazisi işğal olunmuş rayonların icra hakimiyyəti başçılarının müavinləri də iştirak ediblər.