CƏMİYYƏT


Dövlət Komitəsində muğam müsabiqəsinin qalibləri ilə görüş olub

Bakı, 25 iyun, AZƏRTAC

İyunun 25-də Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev VII Muğam Televiziya Müsabiqəsinin əslən Laçın, Zəngilan və Xocalı rayonlarından olan qalibləri ilə görüşüb.

Komitədən AZƏRTAC-a bildiriblər ki, Dövlət Komitəsinin sədri gənc xanəndələri respublikamızda və onun hüdudlarından kənarda çox populyar olan ənənəvi müsabiqədə uğur qazanmaları münasibətilə təbrik edib. Qeyd olunub ki, Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Televiziyasının təşkilatçılığı, Mədəniyyət Nazirliyinin iştirakı ilə Mədəniyyət Fondunun layihəsi əsasında keçirilən bu möhtəşəm sənət yarışması muğam ifaçılığının inkişafında və gələcək nəsillərə çatdırılmasında mühüm rol oynayır. Müsabiqənin təşəbbüsçüsü və ilhamvericisi Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyeva xalqımızın ən böyük sərvətlərindən biri olan muğam sənətinə xüsusi diqqət və qayğı göstərir. Mehriban xanımın təşəbbüsü və dəstəyi ilə UNESKO-nun mədəni irs siyahısına daxil edilən Azərbaycan xalq sənət nümunələrindən biri də muğamdır. Diqqətə çatdırılıb ki, televiziya muğam müsabiqələri yeni nəsil muğam ifaçılarının, o cümlədən məcburi köçkün ailələrdən olan istedadlı yeniyetmələrin və gənclərin aşkara çıxarılmasına, böyük sənətə vəsiqə almasına şərait yaradır.

Gənc xanəndələr – Xəyal Hüseynov, Murad Rüstəmzadə (Laçın), Zülfiyyə Cəbrayılzadə (Zəngilan), Faiq Əkbərov (Xocalı) ölkəmizdə muğam sənətinə, bu sənəti seçən ifaçılara göstərilən diqqət və qayğıya görə Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Onlar qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həllinə dövlətimizin başçısının hərtərəfli qayğısından onların da ailələrinə pay düşdüyünü qeyd edib, eyni zamanda, ata-baba torpaqlarının tezliklə işğaldan azad olunacağına inandıqlarını söyləyiblər.

Dövlət Komitəsinin sədri gənc xanəndələrə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, onlara xalqımızın və dövlətimizin etimadını hər zaman doğrultmağı tövsiyə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.