CƏMİYYƏT


Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

Bakı, 20 avqust, AZƏRTAC

Avqustun 20-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib.

Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Prezident İlham Əliyev sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşların, o cümlədən məcburi köçkünlərin müraciətlərinə diqqət və həssaslıq göstərilməsini bütün dövlət qurumlarının mühüm və təxirəsalınmaz vəzifəsi kimi müəyyənləşdirib. Dövlətimizin başçısının tapşırığına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində də vətəndaşların öz müraciət hüquqlarını mövcud qanunvericilik əsasında sərbəst və rahat həyata keçirmələri üçün zəruri şərait yaradılıb. Vətəndaşların hər gün komitənin vəzifəli şəxsləri tərəfindən qəbulu təşkil edilir. Hər həftənin çərşənbə axşamı günü isə əvvəlcədən qəbula yazılmaqla Dövlət Komitəsi sədrinin qəbulu keçirilir.

Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşları fərdi qaydada qəbul edib. Onların müraciətləri əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, vahid aylıq müavinətin təyin edilməsi, məşğulluq, status və digər məsələlərlə bağlı olub. Qəbulda 40-dan çox vətəndaşın müraciəti dinlənilib və müvafiq qaydada qeydə alınaraq rəsmiləşdirilib.

Bildirilib ki, Prezident İlham Əliyev məcburi köçkünlərin problemlərinin həllini sosial siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən edib. Onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün tədbirlər görülür, Bakıda və regionlarda yeni yaşayış kompleksləri inşa edilir. Məcburi köçkünlərin mənzil, təhsil, sağlamlıq problemlərinin həllinə Birinci vitse-prezident xanım Mehriban Əliyeva da xüsusi diqqət və qayğı göstərir, bu sahədə mühüm işlər görür.

Diqqətə çatdırılıb ki, qəbula gəlmiş vətəndaşların qaldırdıqları məsələlər araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə həllini tapacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.