CƏMİYYƏT
Dövlət Komitəsindən çağırış: İsrafçılığa yol verməyin
Bakı, 8 dekabr, AZƏRTAC
Dini mərasimlər yalnız dini qaydaları deyil, həm də xalqın adət-ənənələrini özündə əks etdirir. Adət-ənənələr, mərasimlər isə zamanla dəyişir, müasir dövrün tələblərinə uyğunlaşır, yeni forma və məzmun kəsb edir. Dini mərasimlərdə özünü döymək, qan çıxarmaq, zəncir vurmaq kimi adətlər XXI əsrin reallıqları ilə uzlaşmır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri dekabrın 8-də Bakıda “Dini mərasimlər: ənənə və hüquq müstəvisində” mövzusunda keçirilən konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov söyləyib.
O bildirib ki, dini mərasimlərin israfçılıqdan uzaq, mümkün qədər İslam mədəniyyətinə uyğun, eləcə də ictimai inkişafla ayaqlaşa bilən şəkildə keçirilməsi olduqca önəmlidir. Yas mərasimləri və digər ictimai mərasimlərdə israfçılığın qarşısının alınması istiqamətində təkliflərin verilməsi, bu sahənin tənzimlənməsinin vacibliyi bir neçə ildir ki, müzakirə mövzusudur.
Dini mərasimlərin hüquqi cəhətdən tənzimlənməsi barədə digər ölkələrin təcrübəsini bölüşən G.İsmayılov belə ictimai məsələlərin xalqın öz iradəsi ilə tədricən qaydaya salınmasının daha məqsədəuyğun olduğunu diqqətə çatdırıb. Vurğulayıb ki, mənfi sosial təzahürlər, mənfi hallar inzibati yollarla deyil, daha çox müntəzəm maarifləndirmə tədbirlərinin həyata keçirilməsi ilə aradan qaldırılmalıdır.