CƏMİYYƏT
Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycan yəhudilərinin onlayn xəritəsi hazırlanıb
Bakı, 12 sentyabr, AZƏRTAC
"Diarna" virtual platformasının saytında Azərbaycandakı yəhudi icmalarının tarixi barədə ətraflı məlumat və onlayn xəritə yerləşdirilib. Bu barədə AZƏRTAC-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Xatırladaq ki, 2019-cu ilin yay aylarında “Mooreshet Adventures” turizm şirkətinin qurucusu Arye Şarnberq ölkəmizdəki yəhudilərin tarixini araşdırmaq məqsədilə Azərbaycana səfər edib. Tədqiqatçı bu araşdırmanı Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Amerika Sefardları Federasiyası və müxtəlif bölgələrdə yəhudilərin tarixi irsini rəqəmsal formatda qoruyub saxlamağa çalışan "Diarna" virtual platforması ilə birgə gerçəkləşdirib. Dörd ay ərzində Arye Şarnberq yəhudi icmaları ilə əlaqələr quraraq bu xalqın tarixinin və irsinin bir çox maraqlı məqamlarını öyrənməyə nail olub.
Amerika Sefardlar Federasiyası tədqiqatın aparılmasında göstərilən dəstəyə görə Diasporla İş üzrə Dövlət Komitəsinə xüsusi minnətdarlığını bildirib.
Qeyd olunan onlayn xəritəyə https://diarna.org/exhibits/exploring-azerbaijans-jewish-history/ ünvanı vasitəsilə baxmaq mümkündür.