CƏMİYYƏT
Dövlət Komitəsinin rəhbər heyəti əməkhaqqının 50 faizini koronavirusla mübarizəyə ayırıb
Bakı, 24 mart, AZƏRTAC
Diasporla İş üzrə Dövlət Komitəsi bütün dünyanı bürüyən COVID-19 pandemiyası ilə bağlı qabaqlayıcı tədbirlərin görülməsi zərurətini nəzərə alaraq Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etmək barədə qərar qəbul edib.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan vətəndaşlarının təhlükəsizliyinə və sağlamlığına xüsusi önəm verən Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbər heyəti biraylıq əməkhaqqının 50 faizini Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüb.
Məqsəd pandemiyanın Azərbaycanda yayılmasının qarşısının alınması istiqamətində görülən işlərə dəstək göstərməkdir.
Xatırladaq ki, koronavirusun (COVID-19) geniş yayılmasının qarşısının alınması bütün dünyada prioritetə çevrilib.
Qeyd edək ki, Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaiti də ölkəmizdə koronavirusla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə, o cümlədən xüsusi rejimli tibb müəssisələrinin formalaşdırılmasına, tibb sahəsində çalışan işçilərin mükafatlandırılmasına, onlara maddi yardım göstərilməsinə, tibb müəssisələrinin infrastrukturunun təkmilləşdirilməsinə və maddi-texniki bazasının gücləndirilməsinə yönəldiləcək.