REGİONLAR
Dövlət Komitəsinin sədri Abşeronda vətəndaşları qəbul edib
Xırdalan, 5 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirir.
AZƏRTAC xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova dekabrın 5-də Abşeron rayonunda vətəndaşları qəbul edib.
Qəbulda Abşeron, Zəngilan, Sumqayıt, Qubadlı və Şuşadan olan sakinlər iştirak ediblər. Qəbulda sağlamlıq imkanları məhdud uşaqların müalicəsi, erkən nikah və boşanmalardan yaranan problemlərə, imkansız ailələrin müvafiq istiqamətdə təminatı, uşaq hüquqlarının müdafiəsi, məişət zorakılığına məruz qalma və s. kimi məsələlərə baxılıb.
Vətəndaşların müraciətləri dinlənilərək qeydə alınıb, suallar cavablandırılıb. Qəbulda vətəndaşların Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin səlahiyyət dairəsinə aid məsələlərə dair müraciətləri Komitənin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə araşdırılaraq cavablandırılıb və aidiyyəti üzrə tədbirlər görülüb.
Qəbula gələnlər mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin mütəmadi olaraq bölgələrdə vətəndaşların qəbulunun təşkilindən razılıqlarını ifadə edərək, dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Qəbul başa çatdıqdan sonra Komitə sədri Hicran Hüseynova rayonun bir qrup fəal qadını ilə görüşüb. O, ailə, qadın və uşaq siyasəti sahəsində görülən mühüm işlər və layihələr haqqında rayonun fəal qadınlarına məlumat verib.
Sonda müzakirələr aparılıb və tədbir iştirakçılarının təklifləri nəzərə alınıb.