CƏMİYYƏT
Dövlət Komitəsinin sədri qazaxıstanlı nazir müavini ilə görüşüb
Bakı, 13 may, AZƏRTAC
Mayın 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Qazaxıstanın Vətəndaş cəmiyyəti və dini işlər nazirinin müavini Arın Berik Saqbayulın ilə görüşüb.
DQİDK-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu deyən Dövlət Komitəsinin sədri Azərbaycanda dinindən, məzhəbindən, etnik mənsubiyyətindən asılı olmayaraq insanların sabitlik, tolerantlıq və multikulturalizm şəraitində yaşamalarına diqqət çəkib, bunu ölkəmizin ən böyük nailiyyətlərindən biri olduğunu vurğulayıb.
M.Qurbanlı qeyd edib ki, Azərbaycanda mədəniyyətlərarası dialoq, tolerantlıq və multikulturalizm dövlət siyasətinin prioritet sahələridir və ölkəmiz bu istiqamətdə artıq uzun illərdir bir sıra qlobal forumlara ev sahibliyi edir. Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edildiyini xatırladan Mübariz Qurbanlı ölkəmizdə keçirilən IV İslam Həmrəyliyi Oyunlarının mayın 12-də möhtəşəm açılış mərasiminin baş tutduğunu diqqətə çatdırıb.
Səmimi qəbul üçün minnətdarlığını bildirən qonaq ölkələrimiz arasında əməkdaşlığın bütün sahələr üzrə uğurla inkişaf etdiyini bildirib. Qeyd edib ki, təmsil etdiyi nazirlik Azərbaycanın dini konfessiyaları, icmaları, eləcə də Azərbaycan dövlətinin din siyasətinin, dini radikalizmlə və ekstremizmlə mübarizə sahəsində təcrübəsinin dərindən öyrənilməsində maraqlıdır. Qonaq Qazaxıstanda bu sahədə aparılan işlər barədə məlumat verib.
Görüş zamanı dini və humanitar sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib, hər iki ölkənin dövlət qurumları arasında əlaqələrin daha da gücləndirilməsinin vacibliyi vurğulanıb.