CƏMİYYƏT
Dövlət Komitəsinin təltif edilmiş əməkdaşlarına vəsiqələr və medallar təqdim olunub
Bakı, 1 avqust, AZƏRTAC
Avqustun 1-də Prezident İlham Əliyevin 2022-ci il 22 iyun tarixli müvafiq Sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) səmərəli fəaliyyətlərinə görə "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmiş əməkdaşlarına vəsiqə və medalların təqdim olunması mərasimi keçirilib.
AZƏRTAC DQİDK-nın saytına istinadla xəbər verir ki, tədbirdə çıxış edən komitə sədri Mübariz Qurbanlı Prezident İlham Əliyevin islahatlar proqramının əsas istiqamətlərindən birini dövlət qulluğu sisteminin yüksək səviyyədə qurulması və vətəndaş məmnunluğuna nail olunmasının təşkil etdiyini bildirib. M.Qurbanlı, eyni zamanda, dövlətimizin başçısı tərəfindən dövlət qulluqçularının fəaliyyətinə xüsusi diqqət və qayğı göstərildiyini, dövlət qulluğunda səmərəli fəaliyyəti ilə seçilən əməkdaşların daim dəyərləndirildiyini diqqətə çatdırıb. Komitə sədri dövlət qulluğunun məsuliyyətindən bəhs edərək əməkdaşları bir daha təbrik edib və gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıb.
Təltif olunmuş komitə əməkdaşları çıxışlarında fəaliyyətlərinin yüksək qiymətləndirilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.