CƏMİYYƏT
Dövlət Məşğulluq Agentliyi “İrəliləyİş” layihəsi çərçivəsində təcrübə proqramına start verir VİDEO
Bakı, 8 sentyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi “İrəliləyİş” layihəsi çərçivəsində işsiz gənclərə dəstək olmaq məqsədilə təcrübə proqramına start verir.
Agentliyin Strateji kommunikasiya departamentindən AZƏRTAC-a verilən məlumata görə, təcrübə proqramında təhsilini son 3 ildə tamamlayan məzunlar və hazırda magistr pilləsində təhsil alan, analitik düşünmə bacarığına malik, operativ və məsuliyyətli gənclər iştirak edə bilərlər.
Proqrama qəbul mərhələli şəkildə aparılacaq. Namizədlər təcrübə keçmək istədikləri sahənin və ya regionun adını qeyd etməklə [email protected] ünvanına CV-lərini göndərə bilərlər.
Namizədlər üçün tələblər:
- Ali təhsil (yeni məzun olmuş və ya magistr tələbələri);
- “Microsoft Office” proqramları üzrə biliklər;
- Araşdırma və analitik düşünmə bacarığı;
- Ünsiyyət qurmaq və komandada işləmək bacarığı;
Proqram sizə nələr qazandıracaq:
- Yumşaq bacarıqlarınızı və texniki biliklərinizi inkişaf etdirmək üçün praktiki iş təcrübəsi;
- Yüksək səviyyəli mentorlarla ünsiyyətdə olmaq və onlardan iş prinsiplərini öyrənmək;
- Real korporativ mühitdə çalışmaq imkanı;
- Güclü komandanın bir hissəsi olaraq yeniliklərə imza atmaq;
- Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübə qazanmaq;
- Təcrübə proqramının sonunda təşəkkürnamə və ya sertifikatla təltif olunmaq;
- Təcrübə proqramını uğurla bitirən təcrübəçilərin komandamıza qoşulmaq şansı.
Təcrübə proqramı ödənişsiz əsaslarla nəzərdə tutulub.
Namizədlər sentyabrın 15-dək müraciət edə bilərlər.
Müraciət edən şəxslər ilk olaraq test mərhələsinə, daha sonra isə müsahibəyə cəlb olunacaqlar. Hər iki mərhələni uğurla başa vuran gənclər daha sonra Agentlikdə üçaylıq təcrübə proqramında iştirak edəcəklər.
Biliklərinizi təcrübədə kəşf edin.