CƏMİYYƏT
Dövlət Məşğulluq Agentliyi ilə Alman-Azərbaycan Xarici Ticarət Palatası arasında əməkdaşlıq imkanları müzakirə edilib
Bakı, 16 sentyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) icraçı direktoru Tobias Baumann ilə görüşüb.
Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə ilk olaraq AHK Azərbaycan nümayəndələrinə Dövlət Məşğulluq Agentliyinin fəaliyyət istiqamətləri, aktiv məşğulluq tədbirləri, həyata keçirilən yeniliklər və islahatlarla bağlı məlumat verilib. Birgə əməkdaşlıq imkanları müzakirə edilib.
Eyni zamanda AHK Azərbaycanın fəaliyyəti və bu qurumun Peşə Təhsili sahəsində gördüyü işlər təqdim edilib. Qeyd edilib ki, Alman-Azərbaycan Xarici Ticarət Palatası 2012-ci ildən etibarən Alman iqtisadiyyatının Azərbaycanda rəsmi nümayəndəliyi olaraq, şirkətlərə bazar və biznes araşdırmaları ilə əlaqədar məlumat və dəstək verir. AHK Azərbaycan 140-dan artıq üzv şirkəti ilə Avropanın Azərbaycandakı ən güclü iqtisadi assosiasiyasıdır.
Görüşdə iki qurum arasında peşə hazırlığı istiqamətində əməkdaşlıqla əlaqədar məsələlər müzakirə olunub və ilkin razılığa gəlinib.