ELM VƏ TƏHSİL


Dövlət Məşğulluq Agentliyinin sədri ikinci “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Bakı, 30 mart, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli ikinci “Yüksəliş” müsabiqəsinin qalibi Nərgiz Balakişiyeva ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Mustafa Abbasbəyli müsabiqə qalibini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, eləcə də Dövlət Məşğulluq Agentliyinin fəaliyyəti, işsiz və işaxtaran şəxslərin məşğulluğunun təmin edilməsi üçün həyata keçirilən layihələr, Agentliyin gələcək inkişaf hədəfləri barədə məlumatlandırıb.

Son illər ölkəmizdə həyata keçirilən sosial islahatlar, əhalinin rifah halının yaxşılaşdırılmasına dəstək olacaq işlər, bu sahədə beynəlxalq təcrübənin tətbiqinin önəmi barədə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində Nərgiz Balakişiyevanın mentorudur.

Üçüncü “Yüksəliş” müsabiqəsinə qeydiyyat müsabiqənin saytı vasitəsilə aparılır və martın 31-i saat 18:00-dək davam edəcək.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən, intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub. Müsabiqə 21-51 yaş aralığında, ikiillik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikası vətəndaşlarını əhatə edir. Müsabiqə qalibləri idarəçi rəhbərlər tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində pul mükafatı əldə edirlər.

2023-cü ildə isə növbəti - üçüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2022-ci il dekabrın 20-də Sərəncam imzalanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.