CƏMİYYƏT
Dövlət Məşğulluq Xidməti tələbələr üçün “ADA-dan biznesə” adlı startap müsabiqəsi keçirir
Bakı, 1 mart, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti ADA Universitetində “Karyera həftəsi” çərçivəsində keçirilən “Karyera sərgisi”ndə iştirak edib. Dövlət və özəl sektora aid 118 müəssisənin qoşulduğu sərgidə Dövlət Məşğulluq Xidməti tərəfindən “ADA-dan biznesə” adlı startap müsabiqəsi elan olunub.
Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, müsabiqədə ADA Universitetinin IV kurs və magistratura tələbələri iştirak edə bilərlər.
Layihənin şərtlərinə əsasən irəli sürülən ideyanın innovativ olması əsasdır. Müraciətlər komanda şəklində təqdim edilməli və təlimlərə qoşulan qrupların hər birinin öz biznes planlarına uyğun olaraq loqolar yaradılmalıdır.
Seçimlər iki mərhələdən ibarət olacaq. İştirak haqqı qazanan komanda üzvləri 3 dəqiqə vaxt ərzində öz ideyalarını təqdim etməli və ideyaların qiymətləndirilməsi aparılmalıdır. Həmin mərhələdən sonra qalib komandanın müəyyənləşməsi nəzərdə tutulur.
İştirakçıların qiymətləndirilməsini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən, ADA Universitetindən və digər dövlət idarələrindən dəvət olunmuş ekspertlər həyata keçirəcək. Qiymətləndirmənin sonunda isə qalib namizədlərə biznes ideyalarını həyata keçirmək üçün avadanlıqlar veriləcək.
Müraciətlərin qəbulu bu il martın 4-dən başlayacaq və ayın sonunadək davam edəcək.
Layihənin məqsədi gənclər arasında məşğulluq səviyyəsini artırmaq, universiteti bitirən gənclərin dövlət dəstəyi ilə əmək bazarına inteqrasiyasını, məşğulluğunu təmin etmək, gənclərin biznes ideyalarının həyata keçməsinə dəstək olmaqdır.