CƏMİYYƏT


Dövlət Miqrasiya Xidməti Azərbaycanda olan və yaşayan əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə müraciət edib

Bakı, 29 oktyabr, AZƏRTAC

Dövlət Miqrasiya Xidməti (DMX) Azərbaycanda olan və yaşayan əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərə müraciət edib.

DMX-dən AZƏRTAC-a verilən məlumata görə, müraciətdə qeyd olunub ki, Nazirlər Kabinetinin 2020-ci il 28 oktyabr tarixli, 426 və 427 nömrəli qərarları ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti dekabrın 1-i saat 06:00-dək uzadılıb. Həmçinin operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Lənkəran şəhərinə, Cəlilabad və Masallı rayonlarına giriş-çıxış dayandırılıb.

Bununla əlaqədar ölkədə olan, yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin DMX-nin fəaliyyəti ilə bağlı aşağıdakıları nəzərə almaları xahiş edilir:

Lənkəran rayonunun giriş-çıxış məhdudlaşdırılmayan ərazilərində və Yardımlı, Lerik, Astara rayonlarında yaşanan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin miqrasiya məsələləri ilə bağlı müraciətləri Xidmətin Lənkəran regional miqrasiya idarəsində, Masallı rayonunda yaşanan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin miqrasiya məsələləri ilə bağlı müraciətləri Masallı “ASAN xidmət” mərkəzində qəbul ediləcək.

Həmçinin giriş-çıxışı məhdudlaşdırılmış yerlərdə yaşayan əcnəbilər miqrasiya məsələləri ilə bağlı elektron xidmətlərdən istifadə edə bilərlər (elektron xidmətlərə keçid: https://eservice.migration.gov.az/?lang=az)

Lənkəran şəhəri istisna olmaqla, qeyd olunan qərarla giriş-çıxış məhdudlaşdırılmış rayonlarda yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən müvəqqəti və daimi yaşama icazələrinə müraciət edilməsi zamanı müvafiq tibbi arayışların təqdim olunması tələb edilmir (hazır icazə vəsiqələrinin fiziki olaraq götürülməsi zamanı müvafiq tibbi arayışların təqdim edilməsi zəruridir).

Ərazisinə giriş-çıxış məhdudlaşdırılmış şəhər, rayon və kəndlərdə (Regional miqrasiya idarələrinin yerləşdiyi Şəki və Xaçmaz şəhərləri istisna olmaqla) yaşayan və daimi yaşamaq icazəsinin alınması üçün müraciət edən əcnəbilərin Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı biliyinin yoxlanılması təxirə salınır.

Azərbaycan Respublikasında daimi yaşama icazəsi almaq istəyən əcnəbilər üçün Azərbaycan dilinin, tarixinin, mədəniyyətinin, eləcə də hüquq və vəzifələrlə bağlı qanunvericiliyin öyrənilməsi ilə əlaqədar kursların keçirilməsi təxirə salınır. Lakin kursla əlaqədar material əldə etmək istəyənlər iş günləri saat 09:00-dan 18:00-adək (012) 566-37-74 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.

DMX bir daha xatırladır ki, müvəqqəti olma müddəti (viza müddəti və ya 90 gün) artıq 60 gün uzadılmış (dövlət rüsumu ödəyənlər) əcnəbilərin ölkədə olması, dövlət sərhədində hərəkətlə bağlı məhdudiyyətlər aradan qaldırılanadək əlavə müraciət olmadan və dövlət rüsumu ödənilmədən qanuni hesab olunur.

Karantin müddətində Xidmətin (012) 919 - Çağrı Mərkəzi həftə sonlarında (noyabrın 7-də və 8-də, 14-də və 15-də, 21-də və 22-də, 28-də və 29-da) məhdud sayda əməkdaşla və rejimdə fəaliyyət göstərəcək. Odur ki, göstərilən tarixlərdə müraciətlər DMX-nin rəsmi internet səhifəsindəki onlayn bələdçi, həmçinin MigAz mobil tətbiqi vasitəsilə də ünvanlana bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.