CƏMİYYƏT
Dövlət Miqrasiya Xidməti “Nəsimi ili” çərçivəsində tədbir təşkil edib
Bakı, 23 noyabr, AZƏRTAC
Görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Prezident İlham Əliyevin 2019-cu il 11 yanvar tarixli Sərəncamı ilə elan edilmiş “Nəsimi ili” çərçivəsində ölkəmizdə silsilə tədbirlər davam edir. Bu istiqamətdə növbəti tədbir Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən Bakı Gənclər Mərkəzində təşkil olunub.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, ədəbi-bədii gecədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, Xidmətin rəhbər şəxsləri və əməkdaşları, miqrasiya könüllüləri, eləcə də qonaqlar iştirak ediblər.
Tədbir Bakı Uşaq Teatrının yaradıcı heyəti, miqrasiya könüllülərinin və xanəndə Arzu Məmmədovanın ifasında şairin qəzəllərindən ibarət ədəbi-bədii kompozisiya ilə davam edib.
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, Nəsimi irsinin tədqiqatçısı, filologiya üzrə fəlsəfə doktoru, Nəsimi qrupunun rəhbəri Səadət Şıxıyeva Şərq xalqlarının mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutan Nəsimi yaradıcılığından bəhs edib. Onun ədəbi irsinin ideya-mövzu və bədii-estetik cəhətlərinin, bütövlükdə poetikasının şairi orta əsrlərin ən qüdrətli söz sərraflarından birinə çevirdiyini diqqətə çatdırıb. Səadət Şıxıyeva, həmçinin Nəsimi poeziyasının, onun edamının çoxlarına məlum olmayan tərəflərini açıqlayıb.
Sonda gecənin fəxri qonağı, Nəsimi rolunun mahir ifaçısı kimi tarixə düşən Xalq artisti Rasim Balayevin dahi şairin qəzəlini səsləndirərək səhnəyə gəlişi böyük coşqu ilə qarşılanıb. Xalq artisti unudulmaz obrazın ifası zamanı yaşadığı hisləri, eləcə də Nəsimi yaradıcılığı ilə bağlı fikirlərini bölüşüb.
Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bildirib ki, dahi şairin 650 illik yubileyinə həsr olunmuş tədbir gənc nəsildə Nəsimi yaradıcılığı barədə kifayət qədər məlumat formalaşdırmağa xidmət edir. O, Nəsimini Azərbaycan xalqının dünyaya bəxş etdiyi mədəniyyət nümunəsi olduğunu deyib.
Daha sonra iştirakçılar diplom və hədiyyələrlə mükafatlandırılıblar. Sonda xatirə şəkli çəkilib.