REGİONLAR
Dövlət Miqrasiya Xidməti “Sülh aylığı” çərçivəsində Göyçayda konfrans təşkil edib
Göyçay, 25 avqust, Şahnəzər Bəşirov, AZƏRTAC
Hər il dünyanın bütün ölkələrində qeyd edilən 21 Sentyabr - Beynəlxalq Sülh Günü ilə əlaqədar respublikamızda avqustun 21-dən sentyabrın 21-dək “Sülh aylığı” keçirilir. Azərbaycan Prezidenti İlham Əliyevin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın müddəalarının icrası ilə bağlı Dövlət Miqrasiya Xidməti tərəfindən hazırlanan tədbirlər planına uyğun olaraq, avqustun 25-də Göyçay rayonunda konfrans təşkil olunub.
AZƏRTAC verir ki, YAP Göyçay rayon təşkilatında keçirilən tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iştirak ediblər.
Xidmətin baş idarə rəisi, baş miqrasiya xidməti müşaviri Vahid Qəhrəmanov “Multikultural cəmiyyətdə miqrantların rolu” mövzusunda çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin Azərbaycanda multikultural münasibətlərin inkişafı istiqamətində həyata keçirdiyi tədbirlər davamlı xarakter daşıyır. 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunması dövlətimizin nə qədər tolerant, dözümlülük prinsipləri əsasında idarə edildiyini bir daha sübut edir.
Xidmətin vətəndaşlıq məsələləri baş idarəsinin vətəndaşlıq məsələlərinin araşdırılması idarəsinin rəisi, kiçik miqrasiya xidməti müşaviri Cəmil Hüseynov “Vətəndaşsızlığın aradan qaldırılması istiqamətində görülmüş tədbirlər” mövzusunda çıxış edib. Bildirib ki, vətəndaşsızlıq halları ilə mübarizə sahəsində məlumatlılığın artırılması və bu şəxslərin hüquqi statusunun müəyyənləşdirilməsi zamanı yaranan problemlərin həlli, o cümlədən onların hüquqlarının səmərəli müdafiəsi naminə əməkdaşlığın gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının “10 ilə vətəndaşsızlığa son” kampaniyasına qoşulub.
Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasının vətəndaşsızlıq halları ilə mübarizə sahəsində ölkəmizin tərəfdar çıxdığı beynəlxalq konvensiyaların tələblərinə uyğun olaraq əsaslı işlər görməkdədir. Belə ki, vətəndaşsızlıq hallarının aradan qaldırılması, ölkəmizin ayrı-ayrı bölgələrində məskunlaşmış müxtəlif dövlətlərin vətəndaşlıqlarına mənsub olan əcnəbilərin müəyyənləşdirilməsi ilə bağlı bir sıra tədbirlər həyata keçirilib. Onların bəzilərinin uzun illər ölkə ərazisində qanunsuz yaşamaları aşkar edilib. Belə şəxslərin müvafiq yaşama icazələri almalarının təmin edilməsi məqsədilə regionlarda çoxsaylı tədbirlər keçirilir və lazımi izahat işləri davam etdirilir, onlara hüquqi yardımlar göstərilir. Həmçinin keçmiş sovet pasportu ilə yaşayan və vətəndaşlıq mənsubiyyəti müəyyənləşdirilməmiş şəxslərin aşkarlanması və sənədləşdirilməsi istiqamətində də müvafiq işlər görülür.
Çıxış edənlər ölkəmizdə həyata keçirilən bu məqsədyönlü siyasəti Azərbaycan dövlətinin humanist mahiyyətinin nümunəsi kimi dəyərləndiriblər.
Sonda Dövlət Miqrasiya Xidmətinin əməkdaşları iştirakçıları maraqlandıran sualları cavablandırılıb.