CƏMİYYƏT
Dövlət Miqrasiya Xidməti əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müraciət edib
Bakı, 31 mart, AZƏRTAC
Dövlət Miqrasiya Xidməti (DMX) Azərbaycanda tətbiq edilən karantin rejiminin yeni tələblərinə uyğun olaraq əcnəbilərə və vətəndaşlığı olmayanlara müraciət edib.
AZƏRTAC xəbər verir ki, bunu DMX-nin rəisi Vüsal Hüseynov bildirib.
O, ölkəmizdə müəyyən edilən karantin rejiminin yeni tələblərinə uyğun olaraq miqrasiya xidmətləri ilə bağlı aşağıdakı dörd məsələsinin nəzərə alınmasını xahiş edib:
1. Aprelin 30-dək edilən müraciətlər üçün sənədlərin notarial təsdiqi tələb olunmur (elektron müraciət zamanı bu sənədlərin əslinin skan olunaraq sistemə yüklənməsi kifayət edir).
2. Yaşama icazələrinin alınması zamanı tələb olunan fotoşəkili mobil telefonla çəkib müraciətə əlavə edilə bilər. Ümumi olaraq elektron müraciət zamanı skaner olmadığı təqdirdə telefonun kamerası, göstəriciləri imkan verirsə sənədlər telefon vasitəsilə çəkib göndərilə bilər.
3. Yaşama icazələrinin alınması zamanı müvafiq razılıq ərizələrinin tarix göstərilməklə ev şəraitində əl ilə yazılıb imzalanması kifayət edir.
4. Mövcud vəziyyət aradan qalxdıqdan sonra yalnız bəzi sənədlərin notarial təsdiqi tələb oluna bilər.