CƏMİYYƏT


Dövlət Miqrasiya Xidməti ilə BP arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Bakı, 4 iyun, AZƏRTAC

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counzun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

DMX-dən AZƏRTAC-a bildiriblər ki, V.Hüseynov BP şirkəti ilə DMX arasında əməkdaşlığın perspektivlərinə dair müzakirələrin aparılması baxımından görüşün əhəmiyyətini qeyd edib. Bildirib ki, BP Azərbaycanın strateji tərəfdaşı kimi mühüm enerji layihələrinin həyata keçirilməsi, neft və qaz sənayesinin inkişafı, qabaqcıl texnologiya və təcrübənin tətbiqi sahəsindəki nailiyyətləri ilə zəngin əməkdaşlıq nümunəsi yaradıb.

Xidmət rəisi diqqətə çatdırıb ki, “BP Azərbaycan” şirkəti Dövlət Miqrasiya Xidməti ilə möhkəm və konstruktiv əlaqələrə malikdir. İki qurum arasında xüsusilə iş və yaşayış icazələrinin verilməsi, işçi qüvvəsinin milliləşdirilməsi sahəsində sıx əməkdaşlıq əlaqələri mövcuddur.

Görüşdə Dövlət Miqrasiya Xidmətinin iştirakı ilə SOCAR ilə “BP-Azərbaycan” şirkəti arasında 2013-cü il noyabrın 14-də imzalanmış “BP Eksploreyşn (Kaspian Si) Limited şirkəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında milliləşdirilmə sahəsində əməkdaşlığa dair protokol”a uyğun olaraq, neft-qaz layihələrində işləyən Azərbaycan vətəndaşlarının sayı ilə bağlı müəyyənləşdirilmiş hədəfin icrası istiqamətində görülən işlərə dair fikir mübadiləsi aparılıb.

Səmimi görüşə görə minnətdarlığını bildirən Qəri Counz Azərbaycanın neft-qaz sektorundakı işlərin yüksək səviyyədə davam etdiyini və ölkəmizdə fəaliyyət göstərməsindən məmnunluğunu ifadə edib. Bildirib ki, BP 2018-ci ilin sonunadək mühəndis-texniki heyətinin milliləşdirilməsi ilə bağlı götürdüyü öhdəliyi uğurla yerinə yetirməkdədir. BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti qeyd edib ki, Azərbaycan vətəndaşları BP-nin qlobal əməliyyatlarında çox yüksək rəhbər vəzifələr tutublar, bu da işçi heyətin keyfiyyət və təcrübəsindən xəbər verir. O, “Azəri-Çıraq-Günəşli” yataqlar bloku üzrə yeni hasilatın pay bölgüsü sazişinin imzalanmasının mövcud əməkdaşlığın daha da uzunmüddətliliyini təmin edəcəyinə əminliyini bildirib.

Görüşdə hər iki qurum arasında əlaqələrin səmərəliliyinin artırılması və qarşılıqlı əməkdaşlığın perspektivləri müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.