REGİONLAR


Dövlət Miqrasiya Xidməti muxtar respublikada əcnəbilərin hüquqi təminatçısına çevrilib

Naxçıvan, 14 dekabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən muxtar respublikaya gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqlarının həyata keçirilməsi, müvəqqəti və daimi yaşamaq, həmçinin haqqı ödənilən əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi, eləcə də qanunsuz miqrasiyaya qarşı mübarizə məsələləri uğurla həyata keçirilir.

Miqrasiya Xidmətinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu barədə Dövlət Miqrasiya Xidmətində muxtar respublikada yaşayan, eləcə də haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan əcnəbilərin iştirakı ilə keçirilən növbəti maarifləndirici tədbirdə ətraflı danışılıb.

Tədbirdə çıxış edən xidmətin əməkdaşı Kənan Məmmədov bildirib ki, yarandığı ilk gündən fəaliyyətini insan hüquq və azadlıqlarının qorunması, humanizm və qanunçuluq prinsipləri əsasında həyata keçirən Dövlət Miqrasiya Xidməti miqrasiya sahəsində reallaşdırılan daxili və xarici siyasətin uğurlarının təzahürü kimi muxtar respublikada əcnəbilərin hüquqi təminatçısına çevrilib. Bu gün qarşıya qoyulan bütün vəzifələrin uğurla icra olunması, əhalinin həyat səviyyəsinin və sosial rifah halının daha da yaxşılaşdırılması, çoxşaxəli iqtisadiyyatın formalaşdırılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsi, həmçinin miqrasiya proseslərinin idarə edilməsi və tənzimlənməsi daim diqqət mərkəzində saxlanılan prioritet məsələlərdəndir. Muxtar respublikaya müxtəlif məqsədlərlə təşrif buyuran əcnəbilərin sayının hər ötən il daha da artması bunun bariz nümunəsidir.

Kənan Məmmədov miqrasiya sahəsində qanunvericiliyin tələblərinin pozulmasına görə mövcud qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət barəsində də ətraflı məlumat verib.

Tədbirdə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları, vəzifələri və miqrasiya qanunvericiliyi ilə bağlı nəzərdə tutulan məsələlər slayd vasitəsilə tədbir iştirakçılarına ətraflı izah olunub. Əcnəbilərin aydın formada başa düşə bilmələri üçün çıxışlar, təqdim edilən slayd və videoçarxlar ingilis dilində də səsləndirilib.

Qarşılıqlı diskussiya şəraitində keçən tədbirdə əcnəbiləri maraqlandıran suallar ətraflı cavablandırılıb.

Sonra tədbir iştirakçılarına xidmət tərəfindən hazırlanmış bukletlər təqdim olunub.

Həmin gün əcnəbilərin Heydər Əliyev Muzeyinə ekskursiyası da təşkil olunub. Ziyarət zamanı məlumat verilib ki, ümummilli lider Heydər Əliyev 1999-cu il oktyabr ayının 13-də muxtar respublikaya səfəri zamanı muzeyə gələrək buradakı ekspozisiya ilə tanış olub. Ulu Öndərin muzeyi ziyarəti zamanı çəkilmiş tarixi fotoları bu gün burada nümayiş etdirilir. Muzeydəki eksponatlar görkəmli dövlət xadiminin ictimai-siyasi fəaliyyətini, keçdiyi şərəfli həyat yolunu özündə əks etdirən kitab, qəzet və jurnallardan, 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı və Ali Məclisin Sədri kimi işləyib hazırladığı, qəbul etdiyi tarixi qərar və sərəncamlardan, imzalanmış protokol və müqavilələrdən, məktub və teleqramlardan, istifadə etdiyi xatirə əşyalarından, Ulu Öndərin şərəfinə toxunmuş xalçalardan, çəkilmiş portretlərdən, tarixi fotolardan və sənədli filmlərdən ibarətdir.

Muzeydə yerləşən zəngin fond materialları, orijinal sənədlər və eksponatlar tədbir iştirakçılarında xoş təəssüratlar yaradıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.