CƏMİYYƏT
Dövlət Miqrasiya Xidməti şəhid övladları üçün psixoloji-mənəvi dəstək layihəsini davam etdirir
Bakı, 12 oktyabr, AZƏRTAC
“Miqrasiya Könüllüsü” İctimai Birliyi və “For Azerbaijan” Xeyriyyə təşkilatı Vətən müharibəsi şəhidləri övladlarının ailələri üçün psixoloji-mənəvi dəstək layihəsini davam etdirir.
Dövlət Miqrasiya Xidmətindən AZƏRTAC-a bildiriblər ki, növbəti görüş şəhid övladları üçün keçirilib.
Psixoloq Məlahət Kazıbekova xüsusi təlim proqramı çərçivəsində şəhid övladları üçün təşkil olunmuş “Qaliblər düşərgəsi”nin bir qrup iştirakçısı ilə görüşüb. Uşaqların hazırkı psixoloji vəziyyətinə nəzər salınıb, onları narahat edən məqamlara diqqət yetirilib, kommunikasiya bacarıqlarının, emosiyalarını idarə etmək kimi vərdişlərinin inkişafı istiqamətində məsləhətlər verilib. Ümumilikdə görüşdə emosional intellektin inkişafına yönəlmiş metodikalardan istifadə olunub ki, bu da yeniyetmələrin həyatda daha çox uğur qazanmalarına kömək edəcək vasitələrdəndir.
Görüşdə verilən məsləhətlər uşaqlar tərəfindən həvəslə dinlənilib.