CƏMİYYƏT


Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvləri qanunsuz miqrantların saxlanılması şəraiti ilə tanış olublar

Bakı, 17 may, AZƏRTAC

Dövlət Miqrasiya Xidməti (DMX) yanında İctimai Şuranın üzvləri Bakı şəhər Qanunsuz Miqrantların Saxlanılması Mərkəzinə səfər ediblər.

DMX-dən AZƏRTAC-a bildiriblər ki, Mərkəzin gündəlik fəaliyyəti ilə tanışlıq məqsədilə təşkil olunan bu səfər zamanı İctimai Şuranın üzvlərinə Bakı şəhər Qanunsuz Miqrantların Saxlanılması Mərkəzinin fəaliyyəti barədə ətraflı məlumat verilib. Hazırda burada altısı uşaq və beşi qadın olmaqla ümumilikdə 25 nəfərin yerləşdirildiyi bildirilib.

Görüşdə Şura üzvlərinə Mərkəzin iş rejimi, daxili intizam qaydaları, burada məcburi və könüllü yerləşdirilən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqları və vəzifələri barədə ətraflı məlumat verilib. Bununla yanaşı, Şura üzvləri Mərkəzin inzibati binası, nəzarət-buraxılış məntəqəsi, ziyarətçilər üçün gözləmə zalı, görüş otağı, fotoçəkilişlərin və daktiloskopik qeydiyyatın aparıldığı kabinet, yataqxana tipli yaşayış binaları, axtarış, müsahibə, yeni qəbul edilənlər üçün ilkin (müvəqqəti) saxlanılma otaqları (karantin yerləri), yeməkxana, kitabxana, istirahət zalı, idman meydançası, uşaqlar üçün oyun meydançası, tibb məntəqəsi və digər yerlərlə tanış olublar.

Şuranın üzvləri kompleksə aid binaların daxili quruluşu və şəraiti ilə əlaqədar təkliflər irəli sürüblər. Onların suallarını cavablandıran miqrantlar göstərilən diqqət və qayğıdan məmnunluqlarını bildiriblər.

DMX yanında İctimai Şuranın sədri Azər Allahverənov təmsil etdiyi ictimai təsisatın məqsəd və vəzifələri, bu sahədə görülən işlərdən danışıb. O, qanunsuz miqrantların saxlanılması mərkəzlərinin fəaliyyətinin daima Şuranın diqqət mərkəzində saxlanılmalı olduğunu və bütövlükdə ictimai nəzarətin həyata keçirilməsi kontekstində icra olunan belə fəaliyyətlərin davam etdiriləcəyini vurğulayıb. Şuranın üzvləri ilə Mərkəzin əməkdaşları arasında aparılan fikir mübadiləsi nəticəsində qərara alınıb ki, burada saxlanılan əcnəbilərlə, xüsusilə də qadın və uşaqların sosial reabilitasiyası və adaptasiyası ilə bağlı proqramlar hazırlansın və icra olunsun.

Şura üzvlərinin yekdilliklə gəldikləri qənaət bundan ibarət olub ki, DMX-nin Bakı şəhər Qanunsuz Miqrantların Saxlanılması Mərkəzinin fəaliyyəti və şəraiti insan hüquq və azadlığının təmin olunması prinsiplərinə, bu sahədə beynəlxalq norma və standartlara uyğun şəkildə təşkil edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.