CƏMİYYƏT
Dövlət Miqrasiya Xidmətində Beynəlxalq Miqrasiya İcmalı Forumuna həsr olunan üçüncü çoxtərəfli məsləhətləşmələr keçirilib
Bakı, 11 may, AZƏRTAC
Dövlət Miqrasiya Xidmətində (DMX) bir həftə sonra Nyu-York şəhərində keçiriləcək ilk Beynəlxalq Miqrasiya İcmalı Forumuna həsr olunan üçüncü çoxtərəfli məsləhətləşmələr keçirilib.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, görüş “Miqrasiya üzrə Qlobal Paktın icrası ilə bağlı beynəlxalq miqrasiyaya 360 dərəcəli baxış” mövzusunda təşkil edilib.
Görüşdə “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt”ın icrasında əldə olunan nailiyyətlər və qarşıya çıxan yeniliklər müzakirə olunub.
Tədbirdə çıxış edən Xidmətin rəisi Vüsal Hüseynov miqrasiya proseslərinin effektiv idarə edilməsi üçün ümumhökumət prinsipinin çox önəmli olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, DMX tərəfindən təşkil olunan tədbirlərə, məsləhətləşmələrə, təlimlərə, habelə aidiyyəti sənədlərin, sazişlərin və müqavilələrin razılaşdırılması prosesinə müvafiq dövlət qurumlarının nümayəndələri daim cəlb olunur. “Bundan sonra da miqrasiya siyasətinin formalaşdırılmasına müxtəlif dövlət qurumlarının və digər maraqlı tərəflərin cəlb edilməsi, habelə onlar arasında çoxtərəfli əməkdaşlığın və konstruktiv dialoqun möhkəmləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.
Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev çıxış edərək ümumhökumət prinsipinin cəlb edilməsinin miqrasiya məsələlərinin səmərəli əlaqələndirilməsinə mühüm töhfə verdiyini bildirib.
Sonra mövzu ətrafında dövlət və beynəlxalq təşkilatların səlahiyyətli nümayəndələrinin çıxışları dinlənilib, fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, DMX tərəfindən Miqrasiya üzrə Qlobal Paktla bağlı məlumatlılığın artırılması məqsədilə bundan öncə çoxtərəfli ikimərhələli məsləhətləşmələr keçirilib. Məsləhətləşmələr gənclər, tələbələr, könüllülər, habelə qeyri-hökumət təşkilatlarının, KİV, elmi dairələrin, miqrant icmalarının nümayəndələri üçün təşkil edilib.