REGİONLAR


Dövlət Miqrasiya Xidmətində “Elektron müraciət qaydaları” mövzusunda maarifləndirici tədbir keçirilib

Naxçıvan, 28 yanvar, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin təşkilatçılığı ilə əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri qəbul edən və onlara xidmət göstərən tərəflərlə “Elektron müraciət qaydaları” mövzusunda maarifləndirici tədbir keçirilib.

Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə çıxış edən xidmətin əməkdaşı Kənan Məmmədov bu gün muxtar respublikanın sürətlə inkişaf etdiyini, bütün sahələrdə möhtəşəm uğurların qazanıldığını, blokada şəraitində olmasına baxmayaraq, müasir inkişaf modelinə nail olduğunu vurğulayıb. Bildirib ki, biznes fəaliyyəti üçün əlverişli mühitin yaradılması, investisiya fəallığının güclənməsi, turizmin kompleks və davamlı inkişafı, o cümlədən təhlükəsizliyin mütləq şəkildə qorunması əcnəbi və vətəndaşlığı olmayan şəxslərin muxtar respublikamıza müxtəlif məqsədlərlə səfər etmək niyyətini hər ötən il daha da artırmaqdadır. Əcnəbi və vətəndaşlığı olmayan şəxslər ölkəyə gəldiyi zaman muxtar respublika ərazisində əsasən, mehmanxanalara, tələbə yataqxanalarına və digər yaşayış obyektlərinə üz tuturlar.

Sonra xidmətin əməkdaşı Qiyas Paşayev əcnəbilərin olduğu yer üzrə qeydiyyatı ilə bağlı elektron müraciət qaydaları barədə slayd vasitəsilə ətraflı məlumat verib. Qeyd edilib ki, müasir dövrün çağırış və tələbləri nəzərə alınmaqla, Dövlət Miqrasiya Xidməti tərəfindən innovativ yeniliklərin tətbiqi, elektron xidmətlərin sayının və keyfiyyətinin artırılması daim diqqətdə saxlanılır. Şübhəsiz ki, bu, həm də əcnəbilərə ölkəmizdən və dünyanın müxtəlif yerlərindən rahatlıqla xidmətə müraciət edə bilmə imkanı yaradır.

Qarşılıqlı diskussiya şəraitində davam edən müzakirələr zamanı tədbir iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılıb.

Sonda miqrasiya qanunvericiliyi, həmçinin hüquq və vəzifələrlə bağlı məlumatların yer aldığı bukletlər iştirakçılara təqdim olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.