CƏMİYYƏT
Dövlət Miqrasiya Xidmətində reinteqrasiya üzrə işçi qrupunun dördüncü iclası keçirilib
Bakı, 20 noyabr, AZƏRTAC
Dövlət Miqrasiya Xidmətində (DMX) reinteqrasiya üzrə işçi qrupunun dördüncü iclası keçirilib.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, iclasda işçi qrupda təmsil olunan dövlət qurumlarının nümayəndələri, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Aviasiya Təhlükəsizliyi İdarəsinin, Beynəlxalq Miqrasiya Təşkilatının və Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin təmsilçiləri iştirak ediblər.
İşçi qrupunun fəaliyyətinin əhəmiyyətini xüsusi vurğulayan DMX-nin rəisi Vüsal Hüseynov 2014-cü il sentyabrın 1-dən qüvvəyə minmiş readmissiya haqqında sazişin ötən dövrdə icrası barədə ətraflı məlumat verib. Bildirib ki, xarici ölkələrdən geri qaytarılmış Azərbaycan Respublikası vətəndaşlarının cəmiyyətə reinteqrasiyalarının dəstəklənməsi və problemlərinin həlli məqsədilə aparılan işlərin effektivliyinin daha da artırılması üçün Nazirlər Kabinetinin tapşırığına əsasən yaradılan işçi qrupunun üzərinə böyük vəzifələr düşür.
Xidmət rəisi respublikaya readmissiya edilmiş ölkə vətəndaşları arasında yardıma ehtiyacı olanlara müvafiq köməyin göstərilməsinin, onların səmərəli reinteqrasiyasının təşkilinin, Azərbaycan dövlətinin götürdüyü öhdəliyin yerinə yetirilməsində dayanıqlı geri qayıdışın təmin olunmasının vacibliyini vurğulayıb. Həmçinin ölkəyə readmissiya edilmiş şəxslərlə bağlı DMX və aidiyyəti dövlət qurumları tərəfindən görülmüş işləri diqqətə çatdırıb.
Sonra müvafiq dövlət qurumları tərəfindən reinteqrasiya ilə bağlı görülmüş işlərə dair ümumi müzakirələr və bu istiqamətdə qarşıda duran məsələlərə dair fikir mübadiləsi aparılıb, müvafiq qərarlar qəbul olunub.
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 dekabr tarixli qərarına əsasən, yaradılan reinteqrasiya işçi qrupuna Xarici İşlər, Daxili İşlər, Səhiyyə, Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidmətinin nümayəndələri daxildir. Dövlət Miqrasiya Xidməti işçi qrupda əlaqələndirici qurum qismində çıxış edir.