CƏMİYYƏT


Dövlət Miqrasiya Xidmətində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü qeyd edilib

Bakı, 10 may, AZƏRTAC

Dövlət Miqrasiya Xidmətində (DMX) müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş tədbir keçirilib.

DMX-dən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Xidmətdə fəaliyyət göstərən Heydər Əliyev Muzeyi ziyarət edilib, Ulu Öndərin büstü önünə əklil qoyulub, Ümummilli Liderin əziz xatirəsinə dərin ehtiram ifadə olunub.

Tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov çıxış edərək xalqımızın və dövlətimizin xilaskarı ümummilli lider Heydər Əliyevin həyat və zəngin siyasi fəaliyyətindən, Azərbaycan xalqı qarşısındakı misilsiz tarixi xidmətlərindən danışıb. Bildirib ki, dahi rəhbər ölkəmizə rəhbərliyinin bütün dövrlərində xalq və dövlət üçün yorulmadan fəaliyyət göstərib, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün mühüm işlər görüb.

Xidmət rəisi qeyd edib ki, Heydər Əliyev Azərbaycana rəhbərliyinin birinci dövründə ölkənin bütün sahələri inkişaf edib və Azərbaycan Sovet İttifaqının ən qabaqcıl respublikalarından birinə çevirib. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider bütün çətinliklərə sinə gərərək Azərbaycan xalqını, dövlətini zamanın ağır sınaqlarından çıxarıb. Daxili və xarici siyasəti ilə ölkənin nüfuzunu artırıb, hərtərəfli inkişafına nail olub, Azərbaycanın müstəqilliyini əbədi və dönməz edib.

Ulu Öndərin uzaqgörən siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində ölkəmiz iqtisadi sahədə keçid dövrünü müvəffəqiyyətlə başa vurub, inkişafın Azərbaycan modelini yaradıb. Son 15 ildə Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın daha möhtəşəm nailiyyətlərə imza atmasını şərtləndirir. Fəxr edirik ki, bu gün ölkəmiz iqtisadi, siyasi, humanitar mərkəzə çevrilib.

Vüsal Hüseynov söyləyib ki, bu gün respublikanın hər bir bölgəsində bayram əhval-ruhiyyəsi ilə qeyd edilən tədbirlər tarixi şəxsiyyət Heydər Əliyevin misilsiz xidmətlərinə xalqımızın sonsuz ehtiramının və sevgisinin təzahürüdür. Xoşbəxtik ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu müasir müstəqil Azərbaycan dövlətinin vətəndaşlarıyıq. Biz hər zaman dahi öndərin həyata keçirdiyi siyasətə, azərbaycançılıq ideyalarına sadiq qalacaq və sədaqətlə dövlətimizə xidmət edəcəyik.

Tədbirdə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan film nümayiş olunub.

Sonra DMX-nin rəhbərliyi və bir qrup əməkdaşı Fəxri xiyabana gələrək Ulu Öndərin əziz xatirəsini yad edib, məzarı önünə gül dəstələri düzüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.