CƏMİYYƏT
Dövlət Miqrasiya Xidmətinin regional miqrasiya idarələrində ulu öndər Heydər Əliyevin xatirəsi anılıb
Bakı, 11 may, AZƏRTAC
Gəncə, Ağsu, Xaçmaz, Şəki, Lənkəran, Yevlax və Şirvan regional miqrasiya idarələrində ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü qeyd olunub.
Dövlət Miqrasiya Xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Ümummilli Liderin rayon mərkəzlərində yerləşən abidəsi ziyarət olunub, xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirlərdə çoxəsrlik dövlətçilik tarixində xüsusi yeri olan Heydər Əliyevin həyat və fəaliyyətindən söhbət açılıb. Bildirilib ki, xalqımızın ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev tarixin yetişdirdiyi ən böyük şəxsiyyətlərdən biridir. O, ömrünü doğma Vətənin inkişafına və xalqının rifahına həsr edib. Müstəqil Azərbaycanın çiçəklənməsi və tərəqqisi, ölkədə ictimai-siyasi vəziyyətin sabitləşməsi dahi liderin adı ilə bağlıdır. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan müstəqil dövlətimizin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə əsaslı tərəqqinin həyata keçirildiyi vurğulanıb. Diqqətə çatdırılıb ki, işğaldan azad olunmuş torpaqlarımızın yenidən inkişafı istiqamətində böyük işlər görülür.