CƏMİYYƏT
Dövlət Miqrasiya Xidmətinin rəisi BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb
Bakı, 18 iyun, AZƏRTAC
Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov ölkəmizdə fəaliyyət müddətinin başa çatması ilə əlaqədar BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai ilə görüşüb.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, söhbət zamanı qarşılıqlı əməkdaşlığı yüksək qiymətləndirən Vüsal Hüseynov bu dövrdə qəbul olunmuş miqrasiya və qaçqınlara dair hər iki Qlobal Paktın Azərbaycan Respublikası tərəfindən danışıqlar mərhələsindən etibarən dəstəkləndiyini vurğulayıb. O, Qlobal paktların, eləcə də Dayanıqlı İnkişaf Məqsədlərinin miqrasiya sahəsi üzrə göstəricilərinin həyata keçirilməsi istiqamətində Dövlət Miqrasiya Xidməti ilə BMT-nin qurumları arasında əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Həmçinin Xidmət rəisi BMT-nin Azərbaycanda yaradılmış Miqrasiya Şəbəkəsinin işində yaxından iştirakına görə qonağa təşəkkürünü bildirib.
Qulam İsakzai miqrasiya sahəsində BMT tərəfindən həyata keçirilən fəaliyyətlərə Azərbaycan Hökumətinin göstərdiyi dəstəyi yüksək qiymətləndirib, bu əməkdaşlığın gələcəkdə də uğurla davam etdiriləcəyinə əminliyini vurğulayıb. Q.İsakzai Dövlət Miqrasiya Xidmətinin pandemiya dövründə həssas kateqoriyadan olan miqrantlara göstərilmiş diqqət və yardıma görə təşəkkürünü bildirib, Azərbaycanın tolerant ölkə kimi ən yaxşı nümunə olduğunu diqqətə çatdırıb.
Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Qulam İsakzaiyə yeni təyinatında və fəaliyyətində uğurlar arzulayıb.