CƏMİYYƏT
Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov “CEO Lunch Baku”nun fəxri qonağı olub
Bakı, 23 oktyabr, AZƏRTAC
Sahibkarlar tərəfindən qaldırılan istənilən məsələ müzakirəyə çıxarılır və dərhal həll edilir.
Bu fikirləri “Caspian European Club” tərəfindən “Hyatt Regency Baku” otelində təşkil olunan “CEO Lunch Baku”nun (işgüzar naharın) fəxri qonağı qismində iştirak edən Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib.
“Caspian European Club”dan AZƏRTAC-a bildirilib ki, Xidmət rəisi Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri, həyata keçirilən yeni layihələr, miqrasiya qanunvericiliyinə edilən dəyişikliklər barədə ətraflı məlumat verib. Həmçinin uğurlu platforma rolunu oynayan klub çərçivəsində reallaşdırılan tədbirlərin önəmini və birgə əməkdaşlığın bütün iştirakçılar üçün faydasını diqqətə çatdırıb. Bildirib ki, Dövlət Miqrasiya Xidməti sahibkarlarla dialoqun inkişaf etdirilməsinə xüsusi diqqət ayırır, özəl sektorun inkişafı, innovativ metodların tətbiqi məsələlərini daim gündəmdə saxlayır. Məhz sahibkarlara göstərilən xidmətlərin sadələşdirilməsi və keyfiyyətinin artırılması istiqamətində reallaşdırılan layihələr bunun əyani sübutudur.
Xidmət rəis qeyd edib ki, işgüzar ünsiyyət üçün nadir platforma olan “CEO Lunch” dövlət və özəl sektor nümayəndələri arasında dialoqun qurulması, fikir mübadiləsinin aparılması, işgüzar əlaqələr üçün əlavə imkanlar yaradır. Belə tədbirlərdə sahibkarlar tərəfindən qaldırılan istənilən məsələ və təklif müzakirəyə çıxarılır və dərhal həll edilir.
“Caspian European Club” sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev çıxış edərək son ildə işçi qrup çərçivəsində Dövlət Miqrasiya Xidməti ilə əməkdaşlığın fəallaşdırılmasında Xidmət rəisinin xüsusi rolunu diqqətə çatdırıb. Bildirib ki, məhz bu səbəbə görə bugünkü işgüzar nahar səmimi dostluq mühitində keçir.
Sonra Vüsal Hüseynova “Caspian European Club”un fəxri üzvlük sertifikatı təqdim olunub. Eyni zamanda, “Caspian European Club”un həm yeni, həm də onun tərkibinə daxil olan üzv şirkətlərə sertifikatlar verilib.
Qeyd edək ki, Azərbaycan, Gürcüstan, Qazaxıstan və digər ölkələrdə da hər ay keçirilən “CEO Lunch” dövlət və özəl sektor nümayəndələri arasında dialoqun qurulması və netvorkinq üçün unikal platforma və aparıcı vasitədir. “CEO Lunch”da iştirak, həmçinin qeyri-rəsmi şəraitdə ünsiyyət və Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin şirkət nümayəndələri ilə yeni işgüzar əlaqələr üçün əlavə imkanlar yaradır.
“CEO Lunch Baku”nun baş sponsoru “Gazelli Group” MMC-dir.
Sıralarında 50 ölkədən 5 mindən çox şirkət və təşkilatı birləşdirən “Caspian European Club” 2002-ci ilin iyununda yaradılıb. “Caspian European Club”un mənzil-qərargahı Bakıda yerləşir. Klubun Gürcüstan, Qazaxıstan və Özbəkistanda rəsmi nümayəndəlikləri, həmçinin ABŞ, Almaniya, Polşa və Çexiyada səlahiyyətli təmsilçiləri var.