CƏMİYYƏT


Dövlət Miqrasiya Xidmətinin rəisi ilə BMT-nin Baş Assambleyasının prezidenti arasında görüş keçirilib

Bakı, 21 may, AZƏRTAC

Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı Baş Qərargahında keçirilən ilk Beynəlxalq Miqrasiya İcmalı Forumu çərçivəsində Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov ilə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının prezidenti Abdulla Şahid arasında görüş keçirilib.

DMX-dən AZƏRTAC-a bildiriblər ki, görüşdə, həmçinin Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev və Nümayəndəliyin əməkdaşları da iştirak ediblər.

Görüşdə Xidmət rəisi BMT Baş Assambleyasının prezidentinə beynəlxalq miqrasiyanın idarə edilməsi üzrə ilk hökumətlərarası səviyyədə razılaşdırılmış BMT sazişi olan “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt”ın effektiv həyata keçirilməsi istiqamətində üzv dövlətlərə göstərilən davamlı dəstəyə görə minnətdarlığını bildirib, Azərbaycanın Miqrasiya üzrə Qlobal Paktın səmərəli icrası üzrə BMT-nin Miqrasiya Şəbəkəsi tərəfindən “Çempion ölkə” kimi müəyyənləşdirilmiş 33 ölkədən biri kimi Forumda iştirak etdiyini, habelə ölkəmizin həmsədr olduğu dördüncü dəyirmi masa çərçivəsində faydalı müzakirələrin aparıldığını vurğulayıb.

Vüsal Hüseynov Azərbaycanın Miqrasiya üzrə Qlobal Paktın uğurlu icrasına dair bir sıra müvəffəqiyyətli fəaliyyətlər həyata keçirdiyini, həmin sənədin icrasının dəstəklənməsi məqsədilə BMT tərəfindən yaradılan Miqrasiya Çoxtərəfli Etimad Fondu çərçivəsində əməkdaşlığın gücləndirilməsində, habelə Forumdan sonra da “Çempion ölkələr” təşəbbüsünü dəstəkləməkdə maraqlı olduğunu bildirib. Qeyd edilib ki, Azərbaycan torpaqlarının işğalına son qoyulması regionda sülhü təmin etməklə yanaşı, bütün sahələrdə, o cümlədən miqrasiya sahəsində də yeni reallıqlar və imkanlar yaradıb.

BMT Baş Assambleyasının prezidenti Abdulla Şahid son illərdə Azərbaycanda miqrasiya proseslərinin idarə edilməsi və Miqrasiya üzrə Qlobal Paktın icrası istiqamətində görülən işləri, habelə Beynəlxalq Miqrasiya İcmalı Forumunun təşkilində və keçirilməsində Azərbaycanın rolunu yüksək qiymətləndirib.

Daha sonra Azərbaycanın milli və regional səviyyədə miqrasiya sahəsində gələcək fəaliyyətləri, habelə Azərbaycanda yaradılan və regionun 13 ölkəsini əhatə edən Miqrasiya üzrə Regional Təlim Mərkəzinin əhəmiyyəti barədə müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.