CƏMİYYƏT
Dövlət Miqrasiya Xidmətinin rəisinin rəhbərlik etdiyi nümayəndə heyəti ilk Beynəlxalq Miqrasiya İcmalı Forumunda iştirak edir
Bakı, 18 may, AZƏRTAC
Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı baş qərargahında ilk Beynəlxalq Miqrasiya İcmalı Forumu keçirilir.
Dövlət Miqrasiya Xidmətindən AZƏRTAC-a bildiriblər ki, Forumda Azərbaycanı DMX-nin rəisi Vüsal Hüseynovun rəhbərlik etdiyi və tərkibinə Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi Yaşar Əliyevin, eləcə də nümayəndəliyin əməkdaşlarının daxil olduğu heyət təmsil edir. Beynəlxalq miqrasiyanın bütün aspektlərini əhatə edən ilk hökumətlərarası sənəd olan “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt”ın icrasının qiymətləndirilməsi, eləcə də Dayanıqlı İnkişaf Məqsədlərinin 2030-cu il Gündəliyi ilə əlaqədar müzakirəsi məqsədilə BMT tərəfindən miqrasiya sahəsində dünyada ilk dəfə qlobal səviyyədə təşkil edilən bu beynəlxalq tədbirdə BMT-nin üzv dövlətlərinin dövlət və hökumət başçıları, miqrasiya sahəsinə məsul qurumlarının rəhbərləri, eləcə də BMT Baş katibi Antonio Quterreş başda olmaqla, yüksəkvəzifəli rəsmiləri iştirak edirlər.
Forum BMT-nin Baş Assambleyasının prezidenti Abdulla Şahidin sədrliyi ilə reallaşır. Tədbir çərçivəsində təşkil olunan dörd interaktiv çoxtərəfli dəyirmi masalarda müxtəlif maraqlı tərəflər arasında Miqrasiya üzrə Qlobal Paktın icrası ilə bağlı müzakirələrin aparılması və təcrübələrin bölüşülməsi, habelə Forumun yekununda hökumətlərarası razılaşdırılma vasitəsilə Tərəqqi Bəyannaməsinin qəbul edilməsi nəzərdə tutulur.
Ölkəmiz qeyd olunan beynəlxalq sənədin səmərəli icrası üzrə BMT-nin Miqrasiya Şəbəkəsi tərəfindən “Çempion ölkə” kimi müəyyənləşdirilmiş 33 ölkədən biri kimi Forumda iştirak edir. Bununla yanaşı, Azərbaycan Forum çərçivəsində təşkil olunacaq dörd dəyirmi masaya həmsədrlik edən səkkiz ölkə sırasındadır.