CƏMİYYƏT


Dövlət Miqrasiya Xidmətinin tanıtım videoçarxı hazırlanıb

Bakı, 14 mart, AZƏRTAC

Dövlət Miqrasiya Xidməti (DMX) qurumun fəaliyyəti ilə bağlı tanıtım videoçarxı təqdim edilib.

DMX-dən AZƏRTAC-a bildiriblər ki, tanıtım videosunun hazırlanmasında məqsəd qurumun fəaliyyət istiqamətləri, xidmət bölmələri, göstərilən xidmətlər barədə məlumatlılığı artırmaq, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına səfərləri zamanı müraciətlərinin düzgün istiqamətləndirilməsinin təmin olunmasıdır. Əsas hədəf qrupunun əcnəbilər olması nəzərə alınaraq tanıtım çarxı ingilis dilində hazırlanıb. Çarx, həmçinin ölkəmizin turizm, investisiya imkanlarının təşviq edilməsi üzrə məlumatlandırmanın artırılmasına töhfə verir.

Videoçarxın Azərbaycan dilindəki mətnində qeyd olunub: “Şərq ilə Qərbin qovşağında yerləşən Azərbaycan təkrarsız təbiətə, çoxəsrlik mədəniyyətə, qədim tarixə, sürətli sosial-iqtisadi inkişafa, müasir turizm imkanlarına sahib olan təhlükəsiz və tolerant ölkədir. Tarixən etnik rəngarəngliyin qorunduğu Azərbaycan istirahət etmək, yaşamaq, işləmək və investisiyalar üçün əlverişli şəraitə və yüksək göstəricilərə malikdir. Hər il milyonlarla əcnəbi Azərbaycana səfər edir və mövcud imkanlardan bəhrələnir. Biz də sizi bu gözəl diyara dəvət edirik. Sizin ölkəmizdə olma və yaşamanızla bağlı rahatlığınızın təmin edilməsi üçün xidmətinizdəyik. Ölkəyə daxil olduğunuz andan siz mövcud qaydalar barədə məlumatlandırılacaqsınız. Müvəqqəti olma müddətinizin artırılması, müvəqqəti, daimi yaşama istəyinizlə bağlı ölkə üzrə 30-dan çox xidmət bölməsi vasitəsilə sizin müraciətlərinizi qəbul edirik və bu prosesdə rahatlığınızın təmin edilməsini diqqətdə saxlayırıq.

Azərbaycan əlverişli biznes mühitinə və geniş investisiya imkanlarına malikdir. Ölkəmizdə biznes qura, sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilərsiniz. Əmək fəaliyyəti ilə məşğul olmaq qərarına gəlsəniz, sizin üçün vacib olan iş icazələrini də biz veririk.

Bizim Çağrı Mərkəzimiz sizin bütün zənglərinizi, suallarınızı, elektron sorğularınızı həftənin 7 günü, günün 24 saatı cavablandırmağa hazırdır. Qabaqcıl elektron məlumat sistemlərimiz xidmətlərimizin elektron qaydada aparılmasını, eyni zamanda, miqrasiya proseslərinin daha keyfiyyətlə tənzimlənməsini təmin edir.

Ola bilsin ki, siz Azərbaycanı yaxından tanıdıqdan sonra bu ölkəni sevəcək və burada daimi olaraq yaşamaq istəyəcəksiniz. Sizdə belə gözəl ölkənin vətəndaşı olmaq arzusu da yarana bilər. Bu halda müraciətlərinizə məmnuniyyətlə baxacağıq. Bizim qanunsuz miqrantların, eləcə də sığınacaq axtaran şəxslərin yerləşdirilməsi üçün iki müasir mərkəzimiz mövcuddur. Beynəlxalq standartlara tam cavab verən mərkəzlər xüsusi təlim keçmiş peşəkarlar tərəfindən idarə olunur.

Biz sizin ölkəmizdə daim rahat, məmnun və qanunvericiliyin tələblərinə uyğun yaşamanız üçün səy göstəririk.

Bəs biz kimik: Biz Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti olaraq sizin tərəfdaşınızıq.

Bizi tapmaq çox asandır. Siz üç dildə fəaliyyət göstərən rəsmi internet səhifəmiz (www.migration.gov.az), Çağrı Mərkəzimiz (012 919), həmçinin rəsmi facebook və tvitter hesablarımız vasitəsilə üç dildə bizimlə əlaqə saxlaya bilərsiniz. Azərbaycana xoş gəlmisiniz”.

Gələcəkdə videoçarxın əcnəbi dillərdə olan versiyalarının hazırlanması nəzərdə tutulur.

Videoçarxı aşağıdakı link vasitəsilə izləmək mümkündür: https://www.youtube.com/watch?v=40NEHojzadg&feature=youtu.be 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.