SİYASƏT
Dövlət Müstəqilliyi Günü Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında qeyd olunub
Bakı, 17 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illik yubileyi münasibətilə oktyabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının qərargahında tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Dövlət Müstəqilliyi Gününə gedən çətin və şərəfli yoldan bəhs edən videoçarx nümayiş olunub.
Tədbir iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edən YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı, professor Şəmsəddin Hacıyev müstəqilliyin bərpasından sonra Azərbaycanın keçdiyi inkişaf yolundan, qazandığı uğurlardan danışıb. Ş.Hacıyev bildirib ki, bu gün Azərbaycan dünya dövlətləri sırasında özünə layiqli yer tutub. Bu inkişaf və tərəqqi Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış Müstəqillik Gününün bəhrələridir.
Müstəqilliyin ilk illərində Azərbaycanın bütün sahələrdə dərin böhranla yanaşı, Ermənistanın hərbi təcavüzü, xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə siyasəti ilə üzləşdiyini vurğulayan Ş.Hacıyev deyib: “Xalqımızın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı və dahi şəxsiyyətin yürütdüyü müdrik siyasət nəticəsində ölkəmiz məhv olmaq və vətəndaş müharibəsi təhlükəsindən qurtuldu. Qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərqərar oldu, bütün sahələrdə uğurlu islahatların həyata keçirilməsinə zəmin yaradıldı. Ümummilli Liderin Azərbaycanın zəngin, qüdrətli ölkəyə çevrilməsinə yönəlmiş müdrik siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən yeni müstəvidə uğurla davam etdirilir”.
Digər çıxış edənlər də Müstəqillik Gününün əhəmiyyətindən, ölkəmizin bugünkü dayanıqlı inkişafından danışıblar. Qeyd ediblər ki, bu gün Azərbaycan qlobal transmilli layihələrin təşəbbüskarı və iştirakçısı kimi dünyanın diqqət mərkəzinə çevrilib.
Sonra sentyabrın 26-da keçirilən ümumxalq səsverməsində (referendumda) fəal iştirak edən partiya üzvləri mükafatlandırılıb.