CƏMİYYƏT
Dövlət Müstəqilliyi Günü münasibətilə Ağcabədi Olimpiya İdman Kompleksində festival keçirilib
Bakı, 15 oktyabr, AZƏRTAC
Ağcabədi Olimpiya İdman Kompleksində 18 oktyabr - Dövlət Müstəqilliyi Günü münasibətilə və Prezident İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubunda səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatına həmrəylik məqsədilə təntənəli festival keçirilib.
AZƏRTAC xəbər verir ki, Gənclər və İdman Nazirliyinin təşəbbüsü, Ağcabədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən festivalda rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov, hüquq-mühafizə orqanlarının, idarə müəssisə və təşkilat rəhbərləri və gənclər olmaqla ümumilikdə 3500-dən şəxs iştirak edib.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Azərbaycan Respublikasının dövlət bayraqlarını dalğalandıraraq yürüş edən festival iştirakçıları vətənpərvərlik mövzusunda mahnıların sədaları altında “Qarabağ Azərbaycandır!”, “Qarabağ bizimdir, bizim olacaq!” şüarlarını səsləndiriblər. Yürüşün ön sıralarında addımlayan əsgərlərimiz uzunluğu 16 metr olan dövlət bayrağını şərəflə daşıyıblar.
Festival zamanı idmançılar futbol, voleybol, sürətli şahmat, kəndirdartma idman növləri üzrə oyunlar və Şərq idman növləri üzrə nümunəvi çıxışlar yerinə yetiriblər. Rayon məktəblərinin “Şahin” hərbi idman oyunlarında iştirak edən komandaları da tədbirdə fəal iştirak ediblər.