İQTİSADİYYAT


Dövlət Neft Fondu media nümayəndələrini mükafatlandırıb

Bakı, 19 iyul, AZƏRTAC

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) yaradılmasının 20-ci ildönümü münasibətilə yerli kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirilmiş “Suveren fondların inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatında rolu: Azərbaycan Respublikası Dövlət Neft Fondunun timsalında” mövzusunda analitik yazı müsabiqəsinin nəticələrinin elan olunması və qaliblərin mükafatlandırılması ilə bağlı iyulun 19-da Fondda tədbir təşkil edilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, ARDNF-in icraçı direktoru Şahmar Mövsümov, Mətbuat Şurasının üzvləri, müsabiqəyə qatılan jurnalistlər iştirak ediblər.

Ş.Mövsümov iştirakçılara ARDNF-in 20 illik fəaliyyəti barədə məlumat verib. Müsabiqənin nəticələrindən danışan icraçı direktor müsabiqəyə təqdim edilən 31 yazının Mətbuat Şurası və ARDNF-in nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirildiyini bildirib. Ş.Mövsümov qeyd edib ki, bir sıra yazıların qiymətləndirmə nəticələri yaxınlıq və ya eynilik təşkil etdiyindən mükafatlandırmada müvafiq dəyişikliklər edilib. Bununla da mükafatlandırmada 1 nəfərə 1-ci yer, 2 nəfərə 2-ci yer, 3 nəfərə 3-cü yer və 10 nəfərə həvəsləndirici mükafatın təqdim edilməsi qərara alınıb.

Tədbirdə çıxış edən Əflatun Amaşov bildirib ki, jurnalistlər üçün keçirilən belə müsabiqələr jurnalistikada ixtisaslaşmanı dərinləşdirir. Azərbaycan milli mətbuatının ictimai həyatdakı roluna toxunan Ə.Amaşov onu da qeyd edib ki, Milli Mətbuat günü ərəfəsində jurnalist əməyinin qiymətləndirilməsi ümumilikdə mətbuatımıza dəyərdir.

Sonda müsabiqə qaliblərinin adları açıqlanıb və onlara mükafatlar təqdim edilib.

Tədbir iştirakçıları Fondun inzibati binası və muzeyi ilə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.